Bakıdakı güclü şimal-qərb küləyi aprelin 13-ü mülayimləşəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, şimal qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti təşkil edəcək. Rayonlarda arabir yağış , dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağışda fasilə, ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. A. Verdiyev deyib ki, aprelin 14-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi aprelin 13-ü axşama doğru mülayimləşəcək.