Ötən gecə Xətai rayonunda hündürmərtəbəli binada baş verən dəhşətli yanğında ümumilikdə 12 nəfər təcili yardıma müraciət edib.
Lent.az-ın məlumatına görə, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfər topuq nahiyəsində travma ilə 3 saylı şəhər xəstəxanasına, 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdirilib. Hadisə zamanı nevrotik reaksiya verən, stress keçirən vətəndaşlara da təcili tibbi yardım göstərilib. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib:68 yaşlı Rəfiqə Vəliyeva
60 yaşlı Şəfiqə Musayeva
53 yaşlı Məlahət Hüseynova
53 yaşlı Samir Əliyev
48 yaşlı Ofeliya İbrahimova
43 yaşlı Maral Kazımova
43 yaşlı Təranə Əliyeva
43 yaşlı Faiq
41 yaşlı Təranə Məmmədova
30 yaşlı Orxan Babayev
16 yaşlı Anar Məmmədov
Qeyd edək ki, Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.
Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.