QAZİLER.AZ AZERTAC-a sitinadən bildirir ki, “British Airways” şirkətinin Bakıdan Londona uçan təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirib ki, aprelin 10-da Bakıdan Londona uçan “British Airways” şirkətinə məxsus “Aerobus-321” tipli təyyarə 21:19-da havaya qalxıb. Uçuşdan 11 dəqiqə sonra gəmi kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun dispetçer xidməti ilə əlaqə saxlayaraq təyyarənin iki mühərrikindən birində yanğın baş verdiyini bildirib və Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edəcəyi barədə xəbər verib.Bu barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərova dərhal məlumat verilib.
Onun göstərişi ilə hava limanının bütün qəza xilasetmə xidmətləri təyyarəni qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Saat 21:46-da “Aerobus-321” hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Təyyarənin göyərtəsində olan 92 sərnişin və heyət üzvlərindən heç kəs xəsarət almayıb.