Dekabrın 10-da Baş Prokurorluqda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyaraq, dahi şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad ediblər.Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, illər keçdikcə Azərbaycan xalqı özünün xoşbəxtliyinin, əmin-amanlığının, yüksək rifahının, ölkəmizin düzgün strateji xətlə inkişafı nəticəsində sabitliyinin və təhlükəsizliyinin mənbəyinin və təməlinin ulu öndər Heydər Əliyev ilə bağlı olduğunu daha dərindən dərk edir. Bu gün biz növbəti dəfə - hələ sağlığında öz quruculuq və xilaskarlıq missiyasını məharətlə yerinə yetirməklə canlı əfsanəyə çevrilən, xalqımızın Əbədiyaşar Ümummilli Lideri zirvəsinə yüksələn fenomenal şəxsiyyət, dünya miqyaslı siyasətçi Heydər Əliyevin anım gününü qeyd edərkən Azərbaycanın çoxəsrlik tarixində öz mövqeyinə, nüfuzuna, xalqımızın taleyində, siyasi, ictimai və mənəvi həyatında, milli dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan ən böyük azərbaycanlının müqəddəs ruhu qarşısında baş əyirik. Tam məsuliyyət hissi ilə anlayırıq ki, məhz Ulu Öndərin müdrikliyi və uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyəti müstəqil Azərbaycan Respublikasının mövcudluğunu və inkişafını reallığa çevirib. Biz prokurorluq işçiləri də bütün Azərbaycan xalqı kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin anım mərasimini keçirərkən onun zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salmaqla əziz və unudulmaz xatirəsini ehtiramla yad edir, gördüyü möhtəşəm işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətini minnətdarlıq hissi ilə dərk edirik.
Azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər Heydər Əliyev öz fəaliyyəti və misilsiz xidmətləri sayəsində xalqın qəlbində və yaddaşında həmişəlik həkk olunub. Ulu Öndər elə bir iz qoyub ki, xalqımız özünün dahi rəhbəri ilə daim fəxr edəcək. Müdrik şəxsiyyət hər zaman - həm sovet, həm də müstəqillik dövründə xalqımızın müdafiəsi və rifahı, milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün elə yorulmaz və əzmkar fəaliyyət göstərib ki, Azərbaycan xalqı onu özünün həmişəlik Ümummilli Lideri seçib. Ulu öndər Heydər Əliyev xalqla birdəfəlik bütövləşərək vətəndaşların ürəyində və qəlbində özünə əbədi yer tutub.
Baş prokuror vurğulayıb ki, xalqımızın itirmiş olduğu və uzun müddət ərzində həsrətini çəkdiyi dövlət müstəqilliyinin bərpa edilərək qorunub saxlanması, milli dövlətçiliyimizin qurulması və inkişafı naminə Ulu Öndərin apardığı qətiyyətli mübarizə və qazandığı qələbələr danılmaz həqiqətdir. Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xilaskarlıq missiyasını fədakarlıqla öz üzərinə götürən Heydər Əliyev həyata keçirdiyi böyük quruculuq işləri, strateji inkişafa zəmin yaradan dövlətçilik konsepsiyasının hazırlanması nəticəsində bütün dünya azərbaycanlılarının fəxri və ümid yeri, vətəndaşlarına layiqli həyat səviyyəsini təmin etməyə qadir olan hüquqi, dünyəvi dövlətin möhkəm təməlinin yaradılmasına, azərbaycançılıq ideologiyasının gücləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına nail ola bilib.
Diqqətə çatdırılıb ki, ötən əsrin 60-cı illərindən başlayaraq, ölkəmizin 30 ildən artıq bir dövrünü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub. Bu müddətdə Ulu Öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşərək siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız hüquqi bir dövlətdə, demokratik dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə edib. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovet dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarıb. Dahi rəhbər dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını alaraq sabitlik və əmin-amanlıq şəraiti yaradıb, daha sonra isə Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işlərini həyata keçirib.
Bildirilib ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev siyasi müdrikliyi, polad iradəsi və qətiyyəti, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlayıb və müstəqil inkişaf yoluna çıxarıb. Azərbaycan Respublikasının tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaradılıb, o cümlədən azərbaycançılıq məfkurəsi formalaşdırılıb, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olub. Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilərək hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılıb, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülüb.
Xüsusi vurğulanıb ki, dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına diqqət göstərən ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının inkişafında da müstəsna rolu olub. Əbədiyaşar lider prokurorluq orqanlarının işinin təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə diqqət və qayğısını əsirgəməyib. Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Azərbaycan Prokurorluğunun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”na, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaradıb.
Baş prokuror bildirib ki, Prezident İlham Əliyevin 2003-cü ildən etibarən dövlətimizin başçısı kimi fəaliyyəti, Heydər Əliyev ideyalarının yaşaması və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsinin və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisinin bariz göstəricisidir. Bu gün bütövlükdə ölkəmizin, eyni zamanda, hər bir bölgənin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunub, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılıb. Dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən ölkəmiz regionun aparıcı dövləti statusunu özündə saxlayıb, enerji layihələrinin reallaşdırılması istiqamətində böyük işlər görülüb.
Orduya, Silahlı Qüvvələrə, ölkəmizin hərbi müdafiəsinə dövlətimizin başçısı İlham Əliyev tərəfindən göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünya miqyasında ən güclü ordular sırasında inamlı yer tutaraq, Ermənistan silahlı qüvvələri ilə təmas xəttində - cəbhədə həyata keçirilən, ərazilərimizin bir hissəsinin qəsbkarlardan azad olunması, vətəndaşlarımızın düşmən təhdidlərindən qorunması üzrə cari ilin aprelində aparılmış müdafiə tədbirləri, ordumuzun irəliləyərək qazandığı zəfərlər, əsgərlərimizin göstərdiyi şücaət və qəhrəmanlıq xalqımızın və dövlətimizin, Ali Baş Komandanımızın tarixə qızıl hərflərlə həmişəlik həkk olunan böyük qələbəsi olub. Bu qələbə ordumuzun qüdrətini, gücünü və məharətini göstərməklə, onun istənilən zaman ərazilərimizi erməni qəsbkarlarından tam azad etməyə, vətənimizi istənilən düşmən həmləsindən müdafiə etməyə qadir olduğunu göstərib.
Diqqətə çatdırılıb ki, 2016-cı il respublikamız üçün yeni mərhələ olmaqla, sosial-iqtisadi islahatların həyata keçirilməsi, ordumuzun şanlı zəfər və qələbələri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə, o cümlədən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Formula-1 Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər beynəlxalq tədbirlərə, Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclasına ev sahibliyi etməsi, idmançılarımızın Rio Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanması ilə yanaşı, ilk növbədə, Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçirilmiş mühüm ictimai-siyasi tədbir - ümumxalq səsverməsinin (referendum) keçirilməsi ilə əlamətdar olan il kimi tarixə düşüb. Referenduma çıxarılan Konstitusiyaya edilən əlavə və dəyişikliklər zərurətdən irəli gələrək ölkədə ictimai münasibətlərin sürətli inkişafı nəticəsində yaranmış sosial tələbat olaraq meydana çıxıb. Bu dəyişikliklər respublikamızda demokratik məzmunlu yeni ictimai-siyasi, sosial-iqtisadi islahatların aparılmasını sürətləndirən mütərəqqi addım olmaqla ölkədə dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha mükəmməl, hüquqi dövlət quruculuğu prosesinin yüksək səviyyədə təmin olunmasına xidmət edəcək.
Qeyd olunub ki, referendumla Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, iqtisadi islahatların həyata keçirilməsi prosesləri daha da sürətlənərək ölkənin perspektiv inkişaf hədəflərinin və istiqamətlərinin müəyyənləşdirilməsi, onların gerçəkləşdirilməsinin təmin edilməsi üzrə mühüm işlər görülür. Bunun bariz nümunəsi kimi dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə iqtisadiyyatın strateji yol xəritələri təsdiq edilib. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəfi özündə ehtiva edir.
Baş prokuror Zakir Qaralov anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından əminliklə bildirib ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.
Mərasimin sonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən hazırlanmış “Ömür. Tale. Epoxa” filmi nümayiş etdirilib.