“Kaspi” qəzetinin yaranmasından 135 il keçir

“Kaspi” qəzetinin yaranmasından 135 il keçir backend

Bu gün "Kaspi" qəzetinin yaranmasından 135 il keçir. Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində "Kaspi" qəzeti daha uzun ömür sürüb, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirib. Qəzetin 1881-ci ildən 1919 -cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb.

1897-ci ildən qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürüb və redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırılıb. O, 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək qəzetin redaktoru olub. Ondan sonra qısa müddətdə qəzetin redaktorluğuna Əli bəy Hüseynzadə təyin olunub. 1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb.

Qəzetdə H.Zərdabidən başqa N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları publisistik yazılarla çıxış edirdilər.

Mətbu orqan 1919-cu ildə fəaliyyətini dayandırıb. 1999-cu ildə yazıçı-publisist Sona Vəliyevanın təşəbbüsü ilə “Kaspi” qəzeti bərpa olunub. Hazırda “Kaspi” gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. Qəzetin 3 əlavəsi fəaliyyətdədir.

2011-ci ildə qəzetin 130 illik yubileyi keçirilib və bu münasibətlə mətbuat araşdırmaçılarının tədqiqat məqalələrinin yer aldığı “Üç əsrin qəzeti” kitabı işıq üzü görüb.

“Kaspi”nin təsisçisi jurnalist-alim Sona Vəliyeva, baş redaktoru isə İlham Quliyevdir.

QAZİLER.AZ kollektivi “Kaspi” qəzetinin kollektivini təbrik edir, onlara işlərində uğurlar arzulayır.