Faktiki hava şəraiti ilə əlaqədar paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb. Bakı Nəqliyyat Agentliyindən ( BNA) Lent.az-a verilən məlumata görə, belə vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir.
Agentlikdən bildirilib ki, bu səbəbdən həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda BNA sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib.