“Neft Daşları“ üçün yeni estakada tikilir

“Neft Daşları“ üçün yeni estakada tikilir backend

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neft Daşları” yatağı üçün yeni 1637A saylı estakadayanı meydançanın tikintisi uğurla davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan estakadayanı meydançanın baş podratçısı “Neftqaztikinti” Trestidir.

14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan estakadayanı meydança dənizin 21,5 metr dərinliyində yerləşdiriləcək. Burada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir. Layihə çərçivəsində indiyə kimi 6 ədəd blok, 7 ədəd aralıq seksiyası, 2 ədəd minik meydançası, 3 ədəd yanalma meydançası inşa olunub. Yanğın əleyhinə su kəməri (dəniz suyu), içməli su kəməri və yanacaq boru kəmərinin çəkilişi davam edir. Dəmir-beton plitələrin, qülləaltı pastamentin, yükqaldırma qabiliyyəti 13,5 ton olan hidroaktiv kranın, eyni zamanda, istehsalat zamanı və yanğına qarşı su təchizatını təmin etmək məqsədi ilə 4 ədəd elektrik dalma nasosunun və 2 ədəd lafet qülləsinin quraşdırlıması nəzərdə tutulur.

Estakadayanı meydançada ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sahələri üzrə işlər bütün müasir norma və tələblər səviyyəsində yerinə yetirilir. Dənizin çirklənməsinin qarşısını almaq üçün estakadayanı meydançanın döşəməsində novlar, döşəmənin altında isə çirkab suları yığmaq üçün tutumlar yerləşdirilib.

Meydançanın tikintisinin bu ilin iyun ayında başa çatdırılacağı gözlənilir.
Diaspora