Fariz Məmmədov birinci qrup əlildir. 1986-cı il doğumludur. 2013-cü il mayın 18-də düşdüyü ağıq avtomobil qəzasından sonra sağlamlığını itirib. Qəza nəticəsində Farizin fəqərə sümüyü sınıb və iliyi zədələnib. Artıq 3 ildir Fariz yaxınlarının köməyi olmadan hərəkət edə bilmir: "Hazırda bədənimdə hərəkət sıfıra bərabərdir. Gəzə bilmirəm. Hərəkət, ümumiyyətlə, edə bilmirəm. Əllərimdə hissiyyat çox zəifdir. Kömək olmasa belə, suyu özüm müstəqil içə bilmirəm".
Qəzadan sonra Fariz Bakıdakı klinikaların birində əməliyyat olunub, müxtəlif reabilitasiya mərkəzlərində müalicə götürsə də, səhhətində ciddi irəliləyiş yoxdur: "Üç il ərzində əvvəlcə Nəsrəddin Tusi adına klinikada müalicə almışam. Daha sonra müalicəmi Sumqayıtda "Ümid" klinikasında davam etdirmişəm. Maliyyəm olmadığından, müalicələrim yarımçıq qalıb. Bundan sonra dövlətə müraciət etdim. Məni Şağandakı əlillərin reabilitasiya mərkəzinə göndərdilər. Burada müalicəm bitdikdən sonra digər bir nazirliyin tabeçiliyində olan tibbi müəssisədə müalicə aldım. Amma ora pullu idi deyə, çox davam edə bilmədim. Bu müalicəm də iki ay çəkdi. Ondan sonra isə evdə dostlarım və əzizlərimin vasitəsilə elə evdə müalicəmi davam etdirirəm".
Fariz müalicələrdən sonra qismən də olsa, özünü rahat hiss etdiyini də deyir: "Müalicələrdən əvvəl bircə gözüm görürdü. Bədənimin heç bir üzvü işləmirdi. Hətta nəfəs almağa belə çətinlik çəkirdim, ciyərlərim qapanmışdı. Əgər reabilitasiyalar dayanmasa, yaxşı getsəydi, effekti də yaxşı olardı. Dənizdə üzürəm ki, qollarım açılsın, hərəkət bərpa olunsun. Sonra ev şəraitində idman edirəm. Velosipedim var. Dostlarımın köməkliyi ilə fiziki hərəkətlər edirəm".
Fariz hazırda atası ilə birgə qalır. Atası isə ikinci qrup əlildir. Məlum hadisədən sonra ağır yaralanan Fariz bir müddətdən sonra anasını itirib. Hazırda əlilliyə görə 400 manat məvacib alan Fariz onun 100 manatını aliment verir. Aldığı məvacib nə onun dolanışığına çatır, nə də müalicəsinə: "Aldığım puldan aliment də ödəyirəm, yerdə qalanla isə dolanmaq çətindir. Bəzən gündəlik dərmanlarımı və istifadə etdiyim pampersi almağa belə gücüm çatmır. Sosial yardımla bağlı müraciət etmişəm. Mənə baxıcı lazımdır, bundan əlavə yardım edilməlidir. Bununla bağlı atam da müraciət edib".
Biz də Fariz problemlərinə biganə yanaşmadıq. Farizin paytaxtın Nərimanov rayon sakini olduğunu nəzərə alıb, onun problemlərini millət vəkili Adil Əliyevin diqqətinə çatdırdıq. Məsələyə millət vəkilinin müdaxiləsindən sonra ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev və ƏƏSMN yanında DSMF-nin Nərimanov rayon şöbəsinin müdiri Vüqar Abdullayevlə birlikdə Farizin qonağı olub, əlaqədar qurumların onun problemləri ilə daha yaxından tanış olmasını istədik.
Adil Əliyev seçicisinin problemi barədə APA TV-dən xəbər tutduğunu deyib: "Sizin probleminizi mən APA TV-nin məsələyə müdaxiləsindən sonra öyrəndim. Məlum oldu ki, onlar artıq sizin probleminizlə bağlı nazir Səlim Müslümovdan müsahibə də götürüblər. Amma buna baxmayaraq, biz yenidən cənab nazirə müraciət etdik. O, biganə qalmadı, nazirliyin əlaqədar şəxsləri ilə birlikdə səni görmək üçün gəldik. Bura gəlməkdə məqsədimiz dövlət olaraq vətəndaşa verilən diqqətin nümunəsidir. Cənab prezident məmurlara yerlərdə vətəndaşlarla görüşməyi, onların problemlərini həll etməyi tapşırıb. Biz də üzərimizə düşən məsuliyyəti dərk edib sənin problemlərinin həllinə çalışacağıq. Sən idmançısan, idmançıda ruh olmalıdır. Bil ki, biz də sənin arxandayıq".
Təxminən bir saat çəkən görüşdə millət vəkili Adil Əliyev, ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev və ƏƏSMN yanında DSMF nın Nərimanov rayon şöbəsinin müdiri Vüqar Abdullayev Farizin bu gün yaşadığı çətinliyi öz dilindən eşidib, ona kömək edəcəklərini vəd etdilər.
Biz də onlardan məsələnin həllinə necə yardımçı olacaqlarını soruşduq.
Nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev deyir ki, Fariz Məmmədov Respublika Əlillərin Bərpa Mərkəzində yerləşdiriləcək: "İnşallah, günü sabahdan Respublika Əlillərin Bərpa Mərkəzində yer ayrılacaq. Konsilium aparılacaq, yenidən müalicələr haqda qərar veriləcək. Bilirsiniz, bu, həkimdən, həm də onun özündən asılıdır. Hiss olunur ki, Fariz tənbəl adam deyil. Ona lazım olan digər xidmətlərlə bağlı Nərimanov rayon Sosial Müdafiə Mərkəzi də öz üzərinə düşən işləri görəcək. Lazım olduqca, maddi yardımlar da göstəriləcək. Fariz həm də respublikadan kənar müalicə üçün müraciət edib, mən də həmin komissiyanın üzvüyəm. Nazirlik tərəfindən hər il vətəndaşların xaricdə müalicəsi təşkil olunur. Fevral ayında komissiyanın növbəti toplantısında Farizin adı həmin siyahıda birinci olacaq. Onun dövlət və hökumət qarşısında xidmətləri də nəzərə alınacaq".
Millət vəkili Adil Əliyev müraciətlərə biganə qalmadıqlarına görə, aidiyyəti qurumlara, Nərimanov rayon icra hakimiyyətinə təşəkkür edib: "Aidiyyəti təşkilatlar, Nərimanov Rayon İcra Hakimiyyəti sağ olsunlar ki, bizim müraciətimizə biganə qalmadılar. Biz də yerində Farizin vəziyyəti ilə tanış olub, hər şeyi aydınlaşdırdıq. Dövlətimizin dövlət olaraq bütün vətəndaşların arxasında durduğunun bariz nümunəsidir bugünkü görüş. İnsanlar özlərinə qapanır, müraciət etmirlər. Amma hər hansı bir məsələnin həlli ilə bağlı müraciət etmək mütləqdir. Əgər APA TV məsələni qaldırmasa idi, bizim də xəbərimiz olmayacaqdı. Bunun üçün mütləq vətəndaşlar da gərək özlərinə biganə yanaşmasınlar".
Məsələyə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da münasibət bildirib: "Xaricdə birinci qrup əlillərin müalicəsi üzrə respublikada Səhiyyə Nazirliyinin xüsusi komissiyası fəaliyyət göstərir. Həmin komissiyada nazirliyin iki əməkdaşı da təmsil olunur. Həmin şəxsin müalicəsi üçün komissiyada məsələ qaldırılıb baxılmalıdır. Əgər komissiyanın rəyi olsa, xəstənin müalicə xərcləri Səhiyyə Nazirliyi tərəfindən getməsi-gəlməsi, orda qalması isə ƏƏSMN tərəfindən həyata keçiriləcək".
Bizlər də inanırıq ki, Fariz Məmmədov tezliklə sağlamlığına qovuşacaq.