Beynəlxalq konfransda azərbaycanlı alimin çıxışı rezonans doğurub

Beynəlxalq konfransda azərbaycanlı alimin çıxışı rezonans doğurub backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, 29 – 30 noyabr 2016-cı il tarixində Parisdə (Fransa) yerləşən UNESCO-nun baş ofisində, "Tarix və Yaddaşın dialoqu" bölməsinin Sosial Transformasiyalar və Mədəniyyətlərarası dialoq şöbəsinin Humanitar və İctimai elmlər sektorunun təşkilatçılığı ilə "Qədim Kiçik Asiyada böyük miqrasiyalar: köçlər, dövriyyə və sosial dəyişikliklər" (Great Migrations in Ancient Asia Minor: Circulation, Exchange and Social Transformation) mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir.

Konfransda Azərbaycan, Türkiyə, Qazaxstan, İngiltərə, Fransa, Rusiya, Monqolustan, Portuqaliya və İrandan dəvət edilmiş tarix, arxeologiya, genetika və linqvistika ixtisasları üzrə 15 nəfər ekspert mütəxəsislərin məruzələri dinlənilmiş və bu məruzələr ətrafında geniş elmi diskussiyalar aparılmışdır.



Beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Cənubi Qafqazın qədim mədəniyyətləri və Anadolu (e.ə. VI-III minilliklər)” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Məruzədə son illər Azərbaycanın ən qədim dövrünə aid olan arxeoloji abidələrində müxtəlif elmlərin fövqündə aparılan arxeoloji tədqiqatların nəticələri və Azərbaycan – Anadolu, Anadolu – Azərbaycan arxeoloji mədəniyyətlərinin biri-birinə olan qarışılıqlı təsiri əsas yer almışdır. Konfransda iştirak edən digər ekspertlərin rəyinə əsasən Azərbaycanın qədim arxeoloji mədəniyyətləri ilə bağlı son illər əldə olunmuş nəticələr ən qədim dövrlərdə Ön Asiyada və o cümlədən, Kiçik Asiyada baş vermiş sosial-mədəni proseslərin anlaşılmasında mühüm əhəmiyyət kəsb edir.

Konfransda arxeogenetika sahəsi üzrə bir sıra məruzələr qızğın müzakirələrə səbəb olmuşdur. Əsasən Azərbaycan və Türkiyə ekspertləri (F. Quliyev və M.Özdoğan) bölgənin tarixi etnogenetik proseslərinə həsr edilmiş ingilis arxeogenetiklərinin apardığı tədqiqatların nəticələrinə ciddi etirazlarını bildirmiş, qədim genomların araşdırılması üçün nümunlərin seçilməsi prosedurundakı ingilis tədqiqatçılarının yol verdiyi məntiqi qüsurları göstərmiş, linqvistika və maddi mədəniyyətin genetik material ilə eyniləşdirilməsinin yolverilməzliyini vurğulamışlar.

Digər ölkələrdən olan ekspertlər də azərbaycanlı və türkiyəli ekspertlərin iradlarını dəstəklədilər, arxeogenetika ilə bağlı tədqiqatların yeni olduğunu və bu baxımdan da müxtəlif laboratoriyalarda araşdırmalardan əldə olunan ilkin nəticələrə ehtiyatla yanaşmağın vacibliyini qeyd etdilər.

UNESCO-nun sanballı elmi mühitdə təşkil etdiyi beynəlxalq elmi tədbirin nəticələri iştirakçılar tərəfindən yüksək qiymətləndirilərək, gələcək illərdə mövzu ilə bağlı yeni konfransların keçirilməsinin vacib olduğu qərarı verilmişdir.