Coğrafiya İnstitutu:“Bakıda sürüşmə ocaqları ildən-ilə artır“

Coğrafiya İnstitutu:“Bakıda sürüşmə ocaqları ildən-ilə artır“ backend

Bu gün Azərbaycanda sürüşmə təhlükəsi ilə bağlı böyük və nisbətən narahatlıq doğuran problem Bakı şəhərindədir.

AMEA Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, Bakı şəhərində ekzodinamik proseslər, xüsusilə sürüşmə ilə bağlı aparılan tədqiqatların nəticələri narahatlıq doğurur.

Onun sözlərinə görə, sürüşmə ocaqları ildən-ilə artır: “Bayıl və Bakı amfiteatrı deyilən zona hər zaman sürüşmə sahəsi olub, indi də var. Günəşli, Əhmədli, Zığ, Masazır və digər zonalarda yaranan sürüşmə zonaları isə yenidir. Həmin ərazilərin yerləşdiyi yamaclar əslində sürüşmə yamacları deyil. Sadəcə həmin ərazidə təzyiqin artması, böyük binaların tikilməsi və digər insan amilləri sürüşmənin yaranmasına şərait yaradır. Bakıətrafı qəsəbələrin bəzilərində kanalizasiya sistemi yoxdur. Nəticədə evdə, həyətdə işlənən su şambalarla birbaşa süxura ötürülür. O da istər-istəməz olmayan prosesi fəallaşdırır”.

E.Əlizadə qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA Coğrafiya, Geologiya institutları tərəfindən bu proseslər öyrənilir və monitorinq aparılır. Onun fikrincə, bu gün monitorinqdən daha çox birbaşa tədbirlər planı hazırlanıb həyata keçirilməlidir: “Biz Bakı şəhərində olan kommunikasiya xətlərini, xüsusilə Bakıətrafı qəsəbələrdə kanalizasiya xətlərini, su kəmərlərini yeniləri ilə əvəzləyib müasirləşdirməsək, bu proses artan sıra ilə gedəcək. 2014-cü ilə kimi ölkədə sürüşmə vəziyyəti nisbətən fəal idi. Güman edirəm ki, bu il də atmosfer yağıntılarının miqdarı ifrat artmasa, ümumi vəziyyət norma səviyyəsində olacaq. Bizi hazırda ən çox narahat məsələ sürüşmə sahələrinin antropogen mənşəli olması, yəni insanların təsiri ilə yaranmasıdır. Bu, həm Bakı, həm də ölkənin müxtəlif ərazilərində yerləşən təhlükəli sürüşmə sahələrinə aiddir”.

Direktor müavini əlavə edib ki, Xızı rayon mərkəzi və Altıağac, Şamaxı və onun Pirqulu zonasında olan kəndləri, İsmayıllının Lahıc da daxil olmaqla Girdimançay dərəsi, Qəbələ və Dəmiraparançay dərəsində olan məntəqələr sürüşmə təhlükəsi olan zonalardır. Onun sözlərinə görə, həmin zonalara da diqqəti artırmaq və profilaktik tədbirlər görmək lazımdır: "Sürüşmədən sonra yox, öncə iş görməliyik".
Diaspora