Nazirlik əlillərin əl işlərinin sərgisini keçirdi

Nazirlik əlillərin əl işlərinin sərgisini keçirdi backend

Beynəlxalq Əlillər günü ilə əlaqədar əlilliyi olan şəxslərin hazırladıqları xalça nümunələrinin sərgisi təşkil olunub. QAZİLER.AZ xəbər verir ki, sərgidə iştiark edən Səlim Müslümov deyib: “Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 71 faizi, əmək pensiyası və ya aylıq sosial müavinətlə təmin edilənlərin 36 faizi əlilliyi olan şəxslərdir”.

3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə bir qrup əlilliyi olan şəxsin hazırladıqları xalça nümunələrinin sərgisi təşkil olunub.



Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyasının, onlara ictimai həyatın bütün sahələrində iştirak imkanları yaradılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunda başlıca komponentlərdən olduğunu vurğulayıb: “Ölkənin Konstitusiyasında, müvafiq normativ-hüquqi aktlarında əlilliyi olan şəxslərlə bağlı mütərəqqi beynəlxalq standartlara uyğun dolğun hüquqi əsaslar formalaşdırılıb. Azərbaycan bu sahədə mütərəqqi dünya təcrübəsini bölüşən bir ölkə kimi BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasını qəbul edib və bu Konvensiya əsasında müvafiq sahədə qanunvericiliyini və praktiki icra mexanizmlərini təkmilləşdirir”.



S.Müslümov hazırda Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olduğunu diqqətə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir. Ölkəmizdə bu göstərici 2,5 dəfə azdır, yəni respublika əhalisinin təqribən 6 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır”. Nazir bu qəbildən olan insanların sosial təminat sistemi ilə əhatə olunduqlarını, əmək pensiyası və ya aylıq sosial müavinətlə təmin edilənlərin 36 faizə qədərinin əlilliyi olan şəxslər olduğunu bildirib: “Son illlərdə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilən əlilliyi olan şəxslərin kateqoriyaları da genişləndirilib. Dövlət başçısının 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, ümumi səbəblərdən I qrup əlilliyi olan şəxslərin (əmək pensiyası almayan) də Prezidentin aylıq təqaüdü ilə təmin olunmasına başlanılıb. Ümumilikdə bu gün həmin təqaüdlə təmin olunanların 40,6 min nəfərdən çoxu, yəni 71 faizi əlilliyi olan şəxslərdən - müharibə əlilləri və onlara bərabər tutulanlardan, 20 Yanvar əlilləri və I qrup əlillərdən ibarətdir”. Qeyd olunan sosial ödənişlərin mütəmadi olaraq artırıldığını qeyd edən S.Müslümov bildirib ki, bununla yanaşı, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin ümumilikdə 16,4 min nəfərdən çox uşağına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir.

Nazir əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması yönündə aktiv məşğulluq tədbirlərindən bəhs edərək, özünüməşğulluğun təmin olunması işlərində də onların iştirakına şərait yaradıldığını vurğulayıb: “Bu sahədə ilk layihələrdən biri kimi son illərdə Şamaxı rayonunda bir qrup əlil şəxsin arıcılıq üzrə biznes imkanlarına yiyələnmələrini nəzərdə tutan pilot layihə uğurla nəticələnib. Cənab Prezidentin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən hazırda icra edilən özünüməşğulluq proqramı digər vətəndaşlar sırasında əmək potensialları olan əlil şəxslərin də ailə bizneslərini qurmalarına imkan yaradacaq”.



Ölkə qanunvericiliyində əlilliyi olan şəxslər üçün bir sıra güzəşt və imtiyazların təsbit olunduğunu qeyd edən S.Müslümov bildirib ki, buna misal olaraq, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi, I qrup gözdən əlillərə isə 200 faizi həcmində müəyyənləşdirilib. Əmək münasibətləri və məşğulluq sahəsinə dair normativ-hüquqi aktlarda da əlilliyi olan şəxslərə humanist yanaşmaları əks etdirən bir sıra güzəşt və əlavə təminatlar əksini tapıb: “Əlilliyi olan şəxslər dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqlarına malikdirlər. Digər tərəfdən, onların təhsil alması və peşə reabilitasiyası üçün lazımi şəraitin yaradılmasına dövlət tərəfindən təminat verilir və ölkədə inkluziv təhsil sistemi fəaliyyət göstərir”.



S.Müslümov əlilliyi olan şəxslərlə bağlı aparılan işlərdə Heydər Əliyev Fondunun fəal dəstəyini qeyd edib. O, Fondun müvafiq layihələri çərçivəsində gözdən əlil şəxslər və görmə qabiliyyəti zəif insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılmasının, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin qurulmasının bu qəbildən olan şəxslərə qayğıkeşlik nümunəsi olduğunu diqqətə çatdırıb. Nazir həmçinin “İmkanlara məhdudiyyət yoxdur” təbliğat-təşviqat kampaniyasın əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı ictimai məlumatlandırmada önəmini vurğulayıb.



“Bizim daim xüsusi diqqət yetirdiyimiz məsələlərdən biri də əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin, yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması və dəstəklənməsidir. Bu məqsədilə nazirlik tərəfindən hər il ümumrespublika səviyyəli tədbirlər keçirilir və təkcə son üç ildə təşkil olunan belə tədbirlərdə 1700 nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq əhatə olunub”, deyə qeyd edən nazir vurğulayıb ki, əlilliyi olan şəxslər arasında tətbiqi sənət növlərində də istedad və bacarığı ilə seçilənlər az deyil: “Beynəlxalq Əlillər günü ilə əlaqədar nazirlikdə əlilliyi olan şəxslərin hazırladıqları xalça nümunələrinin nümayiş etdirilməsi də həmin insanların yaradıcılıq imkanlarının təbliğinə, maddi və mənəvi dəstəklənməsinə xidmət edir”.

"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev bildirib ki, rəhbəri olduğu təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli xalçaçılıq sənətinin inkişafı və əlillərin məşğulluğu üçün Peşə Emalatxanasının yaradılması” layihəsini icra edir. Layihə çərçivəsində Sumqayıt şəhərində və İsmayıllı rayonunda bir qrup əlilliyi olan şəxsə milli xalçaların toxunması və bərpası üçün lazımi avadanlıqlar verilməklə, onların məşğulluğu dəstəklənib. Layihə üzrə həmçinin tanınmış xalçaçı rəssamlar tərəfindən onlara müvafiq təlimlər keçilib, xalçaçılığın sirləri onlara aşılanıb. Hazırda təqdim olunan xalçalar da həmin əlilliyi olan şəxslərin əl işləridir.
Sərgidə nümayiş olunan xalça nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.


Diaspora