Avropa Oyunları ilə bağlı əcnəbilərin Azərbaycana gəlmə və getmə qaydaları açıqlandı

Avropa Oyunları ilə bağlı əcnəbilərin Azərbaycana gəlmə və getmə qaydaları açıqlandı backend

Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycana uçuş həyata keçirən aviasiya şirkətlərinin nümayəndələri ilə I Avropa Oyunlarına həsr olunan “dəyirmi masa” keçirilib.

DMX-dan Trend-ə verilən məlumata görə, I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətlərinin səlahiyyətli nümayəndələri ilə Dövlət Miqrasiya Xidmətində “dəyirmi masa” keçirilib.

Görüşdə Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev qeyd edib ki, “I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 8 avqust tarixli Sərəncamının icrası ilə əlaqədar DMX tərəfindən həyata keçiriləcək məsələlərə dair Tədbirlər Planı hazırlanıb və Xidmətin rəisi tərəfindən təsdiqlənib. Tədbirlər Planının icrası ilə bağlı mart ayında Xidmətdə keçirilmiş müşavirədə səlahiyyətli şəxslərə müvafiq göstərişlər verilib.

DMX-nin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün Xidmətin müvafiq struktur bölmələrinin və sisteminə daxil olan qurumlarının əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.

Bu gün Azərbaycan Respublikasının və ölkəmizə təşrif buyuran qonaqların, yarış iştirakçılarının, tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi baxımından ictimaiyyətin, həmçinin əcnəbilərin məlumatlandırılması, bu sahədə yarana biləcək sualların həlli ilə bağlı müvafiq tədbirlər görülür.

Belə ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və gedə bilərlər.

I Avropa Oyunlarına bilet və ya bilet alışını təsdiq edən sənədi təqdim edən əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Oyunların açılışına 10 gün qalmışdan etibarən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Daha sonra bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Xidmət I Avropa Oyunları ilə bağlı öz işini günün tələbləri səviyyəsində qurub və bu müddətdə ölkəmizə gələn əcnəbilərin miqrasiya ilə bağlı rahatlıqlarının təmin olunması üçün hər bir şərait yaradılıb. Belə ki, yarışları izləmək üçün ölkəmizə əcnəbilərin kütləvi şəkildə təşrif buyuracaqlarını nəzərə alan Dövlət Miqrasiya Xidməti onların olduğu yer üzrə qeydiyyatının elektron qaydada aparılmasını təmin edib. Azərbaycan Respublikasının ərazisində 10 gündən artıq müvəqqəti qalacaq akkreditasiya olunmuş şəxslər, habelə I Avropa Oyunlarının iştirakçıları isə olduqları yer üzrə qeydiyyatdan azad olunublar.

I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlar Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində də yerləşdirilib.

Qonaqlara akkreditasiya kartı və digər sənədlərin nümunələri təqdim edilib.
Diaspora