Noyabrın 29-da Axar.az saytının əski əlifba ilə Azərbaycan dilində olan yeni versiyası fəaliyyətə başlayıb. Bu haqda BakiPost.az-a açıqlama verən saytın baş redaktoru Anar Niftəliyev bildirib ki, əski əlifba ilə Azərbaycan dilindəki yeni versiya əsasən, İranda, İraqda, Suriyada yaşayan və bu əlifba ilə oxuyan azərbaycanlılar üçün nəzərdə tutulub: "Bir müddət əvvəl İran, İraqda fəaliyyət göstərən çoxsaylı azərbaycandilli saytlara baxanda müşahidə etdik ki, onların hər biri ləhcələrlə, dialektlərlə yazırlar. Daha sonra Təbriz Universitetində Azərbaycan dili fakültələrinin açılması ilə bu istiqamətdə addımlar atıldığını gördük. Qərara aldıq ki, o mütəxəssislərə dil baxımından, əsasən də ədəbi mühitdə olan insanların bir-birini daha rahat oxumasına və onların dünyaya çıxmasına dəstək ola bilərik”.
Anar Niftəliyev vurğulayıb ki, bu yeni əski əlifba versiyası üçün artıq fars və ərəb dillərini, fars əlifbasını, eyni zamanda, Azərbaycan ədəbi dilini mükəmməl bilən iki mütəxəssis cəlb olunub: "Mən özüm də ali məktəbdə əski əlifba fənni keçmişəm. Bakıdakı İran səfirliyi, Dilçilik və Əlyazmalar institutları, həmçinin Təbriz Universiteti və İranda, İraqda Azərbaycan dilində yazan ədəbi nəsillə əlaqələrin qurulması istiqamətində çalışırıq. Onlara müracitələr etmişik”.
Qeyd edək ki, əski əlifba ilə yayımlanma müasir Azərbaycan mətbuatında ilk hadisədir.