2016-cı ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə təsdiqlənib. Onlardan 450-i (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,0%) isə əcnəbidir. BakiPost.az xəbər verir ki, bu barədə məlumatı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr Ümümdünya QİÇS-lə mübarizə günü ilə bağlı keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır: "Ümumilikdə 2016-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub. İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə baş verib. 7,3%-də yoluxma yolu müəyyən edilməyib”.
Şöbə müdiri bildirib ki, 2016-cı ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfər təşkil edib ki, onlardan da 2,1 milyon nəfəri son 1 ildə yoluxanlardır: "İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. Xilasedici ARV-terapiya (ART) qəbul edənlərin sayı 18,2 mln. nəfər olub ki, onların arasında uşaqlar 910 min nəfərdir”.Natiq Zülfüqarov Azərbaycanın İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil olduğunu deyib. Əlavə olaraq qeyd edib ki, 01.06.2015-ci il tarixindən etibarən Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.