Qiymət artımı israfçılığın qarşısını alacaqmı?

Qiymət artımı israfçılığın qarşısını alacaqmı? backend

Tarif Şurası qaz və işıq pulunun diferensiallaşması, yəni əhalinin istehlakına görə uyğunlaşdırılması ilə bağlı qərar verib. Qərara əsasən, yanvar ayının 1-dən etibarən göstərilmiş limiti keçmiş abonentin ödədiyi məbləğ stabilliyini itirərək daha böyük məbləğdə ödəniş etməli olacaq. Yəni, əhali üzrə qazın qiyməti illik istehlak həcmi 1500 kubmetrədək çox olan istehlakçılar əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox - 20 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir istehlakçı istifadə etdiyi qaza görə hər ay orta hesabla 20 manat, ildə 240 manat xərcləyirdisə, yanvarın 1-dən sonra ayda 7 manat 50 qəpik, ildə isə 90 manat çox, bütövlükdə isə 1 il üçün 330 manat ödəyəcək. SOCAR-ın Tarif Şurasına müraciətində bildirilib ki, bu prosesin həyata keçirilməsi büdcədə stabilliyi qorumaq və iqtisadi stimul yaratmağa yönəlib. Əhali üzrə işığın qiymətinə gəlincə, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatdan çox olan istehlakçılar əlavə hər 1 kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 1,6 dəfə çox - 11 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir istehlakçı istifadə etdiyi işığa görə hər ay orta hesabla ayda 21 manat, ildə 252 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 26 manat 50 qəpik, ildə 318 manat ödəyəcək.

Qaz və işığın qiymətində nəzərdə tutulmuş dəyişikliklərin həyata keçirilməsi bəzi suallar yarada bilər. Belə ki, ilk öncə smart kartların bu prosesə necə uyğunlaşdırılması və o cümlədən çörək və ya şirniyyat sexləri kimi bir sıra qaz və işıq hesabına idarə olunan müəssisələrdə istehsal qiymətlərinə təsiri olacaqmı?
Ekspertlər bu məsələ ilə bağlı sorğumuzda iştirak ediblər. İqtisadçı ekspert Qubad İbadoğlu sözügedən təsirlərin olacağını istisna etmir. Onun sözlərinə görə, hətta bu qiymət artımının təsiri Tarif Şurasının qərarından sonra çox keçməyəcək ki, baş verəcək: “Bu qərarın həm psixoloji və həm də iqtisadi təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzun müddətli və davamlıdır. Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək. Odur ki, bu məsələyə ilk növbədə hökumətlə Baş Kollektiv Sazişi imzalayan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası münasibət bildirməlidir”.
Natiq Cəfərli qiymət artımının digər sahələrə təsirindən danışmazdan əvvəl smart kartların bu prosesə necə uyğunlaşdırılacağı barədə fikirlərin bölüşüb: “Bu kartların yenilənməsi, proqramlaşması lazımdır. Bir milyondan çox abonent var. Sistemi necə quracaqlar, məlum deyil. Və ya elektrik sayğacları olsun. Burada tənzimləmə necə olacaq? Sayğacları necə ayarlayacaqlar? Əslində texniki cəhətdən bir çox cavabsız suallar qalır. Bu qədər qısa müddətdə bu işi həll edə biləcəklərmi? Bunun üçün gərək əlavə minlərlə işçi götürülsün. Bu da əlavə maaş deməkdir. Bu qədər insana maaş veriləcəksə, qiymət artımının büdcəyə nə faydası olacaq?”

-Qaz və elektrik enerjisinin qiymətinin artması digər sahələrdə də artımın olmasına yol aça bilərmi? Məsələn, çörək sexinin sahibi çörəyin qiymətini qaldırmalı olacaqmı?

- Təbii ki, bu artım olacaq. Çörək və digər un məhsullarında bəlkə də qiyməti artırmamaq üçün məhsulun çəkisini azaltdılar. Amma digər yerlərdə bu mümkün deyil. Məsələn, su, süd məhsullarında qiymət artımı ola bilər. Hətta fermerlər belə məhsullarının qiymətini artıra bilərlər. Nəzərə almaq lazımdır ki, onlar parniklər üçün qazdan istifadə edirlər. Bu da qiymətə təbii ki, təsir edəcək. Kommersiya və xidmət sahələrində xərclər artırsa, deməli, qiymətlər də artacaq. Belə getsə elə bir vəziyyət yarana bilər ki, insanlar kommunal xərclərini ümumiyyətlə ödəyə bilməzlər.

Qeyd edək ki, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məsələ ilə bağlı açıqlama verib.

Qurum rəsmisi deyib ki, narahatlıq üçün heç bir əsas yoxdur, sistem yeni tariflərə uyğunlaşdırılacaq: “Abonent smart tipli sayğaca pulunu köçürəcək. 1500 kuba qədər köhnə qiymətlə qəbul ediləcək. Yəni il ərzində qaz kartına yüklənən 1500 kub metrədək (150 manatadək) qaza görə hər kub metr 10 qəpikdən hesablanacaq. 1500 kubdan sonra isə yeni qiymətlə- 20 qəpikdən hesablanacaq. Sayğaclar özü bunu tənzimləyəcək”.

Bəzi mütəxəssislər isə hesab edir ki, bu cür ödəniş sisteminin tətbiqi istehlakçılar arasında qaz və elektrik enerjisindən istifadə zamanı israfçılığın aradan qaldırılmasına, həmçinin paylayıcı şəbəkələrin üzərinə düşən gərginliyin həcmini azaltmağa xidmət edir.
Artıq qazın və işığın qiymətinin qalxmasından sonra ekspertlərin və fikir nümayəndələrinin digər ərzaq-istehlak mallarının da qiymətinin qalxacağı barədə proqnozları bizdə əminlik yaratmağa başlayır. Bu cür tendensiya ilin əvvəlində baş vermiş devalvasiyadan sonrakı iqtisadi hadisələrlə oxşarlıq təşkil edir. Yəni bir növ bahalaşma sözügedən kommunal vasitələrin təsir etdiyi kiçik bizneslərə də təsirsiz ötüşməyəcək. Millət vəkili Fazil Mustafanın da dediyi kimi, bu çox çətin vəziyyət yaradır: “Qaz və işığın qiymətinin qalxması bütün ərzaq məhsullarının, çörəyin, eləcə də gediş haqqının qiymətinin bahalaşmasına təsir edəcək. Maaşların qaldırılmasını təmin etmək lazımdır ki, insanlar səfalət vəziyyətinə düşməsin. Yəqin ki, hökumət büdcə layihəsində bu məsələni gündəmə gətirəcək". Deputat o cümlədən bahalaşmadan sonra etiraz aksiyaları ola biləcəyi ehtimalını da vurğulayaraq bunun heç də vəziyyəti dəyişməyəcəyini deyib.
Digər deputat Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək: “Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkətinə, “Azəriqaz” və “Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək”. Rüfət Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində “kombi” istilik sistemindən istifadə etmir: “Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.

Əhalini bahalaşmaya hazırlamaq

Qaz və işıq xərclərində bahalaşma ilə bağlı bir sıra yazılar və məlumatlar mətbuata sızmışdı. Bunu əhalinin onları gözləyən qiymət artımı təhlükəsinə hazırlığını yoxlamaq kimi qəbul edirlər. Hələ ötən aylarda İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev ona ünvanlanan suala cavab verərkən Tarif Şurasına sözügedən məsələ ilə bağlı bir müraciət daxil olmadığını bildirmişdi. Alov yananda birinci qığılcımı görsənər. Aidiyyəti qurumlara ünvanlana bu suallar da əbəs yerə deyildi. Tarif Şurası gözlənilən qərarını verdi. Ekspertlər əslində əhaliyə maya dəyərindən 5 dəfə artıq satılan qazın qiymətinin ucuzlaşdırılması üçün hər cür imkanların olduğunu deyirlər. Belə ki, qazın qiymətinin azı 20 faiz azaldılması, 1000 kubmetrə görə 80 manata salınması mümkündür.

Rüfət Soltan
Adalet.az