Qorxunc həyat yoldaşı və ya döyülən qadın

Qorxunc həyat yoldaşı və ya döyülən qadın backend

Dünyada 80 faiz qadın müxtəlif zorakılıqlara məruz qalır

Bu o deməkdir ki, hər 10 qadından 8-i fiziki, mənəvi və psixoloji travmalar alır. Mütəxəssislər bunu istər dünya üçün, istərsə də Azərbaycan üçün artdığını və gələcəkdə daha təhlükəli məqamlara gətirib çıxaracağını siqnal verirlər. Çox uzağa getmədən Azərbaycanda son günlərdə baş verən qətl hadisələrində bu cür faktların şahidi oluruq. Təəssüflə qeyd etmək istərdik ki, son zamanlar ailələrdə qadına qarşı yönəlmiş zorakılıq halları daha qəddar formalarda baş verir. Zorakılıq hadisələrindən biri 31 oktyabr 2016-cı il tarixdə Qəbələ rayonunda baş vermiş, 25 yaşlı, hamilə və 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızı əri tərəfindən qəddarlıqla qətlə yetirilmişdir. Çox təəssüf ki, belə hadisələrin sayı bir-iki deyil və bu məsələlərdə ictimaiyyətin narazılığı qanunvericilik və icra sahəsində köklü dəyişikliklərin aparılmasını zəruri edir. Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov bildirib ki, bu ilin doqquz ayında respublikada qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb. Cinayətlərin 13 faizi (4552-dən 591-i) və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verir.

Psixoloq yanaşması

Psixoloq Azad İsazadə deyir ki, qadınalara qarşı zorakılıq faizi söyləndiyindən də çoxdur. Psixoloq məşiət zorakılıqları və ər-arvad münasibətləri ilə bağlı bəzi maraqlı və informasiya xarakterli məqamlara toxunub: "Əvvəllər zorakılıqla bağlı hallar evdən bayıra çıxmırdı. Bəzən döyülən xanımın anası, bacısı da bilmirdi ki, həyat yoldaşı onu döyüb. Ayıb sayılırdı. Bu cür halların yalnız 10 faizini aşkar edirik. Faktların hamısı aşkara çıxarsa, dəhşətli statistika olar. Ortaya çıxanlar ən vəhşicəsinə olan hadisələrlə bağlı olur. Şillə, iz qoymayan, ya da bağışlanan döyülmələr və ailə zorakılığı gündəlik olur və bəzən qurban özü də bunu bir norma kimi qəbul edir. Söhbət yalnız fiziki zorakılıqdan deyil, psixoloji, iqtisadi, seksual zorakılaqdan gedir".

Psixoloq deyib ki, adətən zorakılıq halları kompleks şəkildə olur. O qeyd edib ki, arvadını döyən kişinin maaşını gətirib xanımına verəcəyi inandırıcı deyil: "Bəzən kişilər döyməsə belə, gələcək günlərdə qadını döyəcəyi ilə bağlı proqnoz verir. Qadına səni döyəcəyəm deyir, bəlkə də heç döyməyəcək. Amma bunu deməklə qorxu yaradır".

A.İsazadə qeyd edib ki, qadınlara qarşı zorakılıq hallarının qarşısını almaq mümkündür, amma bunun üçün iş aparılmalıdır: "Bu məsələ ilə bağlı qanun qəbul olunub. Amma xanımlar bu qanunlardan tam şəkildə istifadə etmirlər. Kişilər çalışırlar ki, qanunu minimal aktivləşdirsinlər. Problemin həlli üçün cəmiyyətdə müzakirələr aparılmalı, xanımlara hüquqi və sosial yardımlar göstərilməlidir".

Zorakılıq təkcə qadınlara qarşı olmur

Ekspert həmçinin kişilərin də məişət zorakılığına məruz qaldığını söyləyib: "Məsələn, kişi evə gələndə qadının bütün günü deyinməsi psixoloji zorakılıqdır".

A.İsazadə vurğulayıb ki, zorakılıq halları uşaqlara, qoca nənə-babalara da zərər vurur: "Ona görə də "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun cəmiyyətdə daha geniş şəkildə təbliğ olunmalıdır. Zorakılığa qarşı kompleks şəkildə mübarizə aparılmalıdır. Nə hüquq-mühafizə orqanları, nə də ictimai təşkilatların ayrı-ayrılıqda, bir-birilərinin dəstəyi olmadan iş görməsi çətindir".

Hüquqi aspektlər


Qadınlara qarşı zorakılıqların baş verməsində zərərçəkmişlərin cəmiyyətdə hüquqlarını bilməməsi, baş verən hadisələrə laqeyd yanaşması da mühüm rol oynayır. Zorakılığa, qadın hüquqlarının tapdalanmasına qarşı bir çox qanunlarda müəyyən maddələr yer alır. 1979-cu ildə BMT qadınlara qarşı zorakılığın, hər cür ayrı-seçkiliyin aradan qaldırılması üçün konvensiya qəbul etdi. 1995-ci ildə isə Azərbaycan da bu konvensiyaya qoşuldu. 30 maddədən ibarət konvensiyanın 10 maddəsi qadın hüquqlarından bəhs edir. 1998-ci ildə qadın hüquqlarının qorunması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Zorakılıq Azərbaycanda olduğu kimi digər xarici ölkələrdə də çoxluq təşkil edir. Aparılan araşdırmalar nəticəsində dünyada hər 3 qadından birinin nə vaxtsa zorakılığa məruz qalması, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülməsi məlum olub. Dünyada hər 5 qadından biri ömür boyu seksual zorakılığın və ona cəhdin qurbanı olur. Hər il dünyada 3-4 milyon qadın öz həyat yoldaşı tərəfindən döyülür. Ailə zorakılığının 95% qurbanı qadınlar olur. Hadisələrin 80%-i kişilər tərəfindən törədilir. 2010-cu ildə ailədaxili zorakılıq zəminində 109 nəfər, 2011-ci ildə isə 135 qadın qətlə yetirilib. Müstəqil araşdırmalara görə, bu ilin 5 ayı ərzində 28 qadın ailə münaqişələri zəminində öldürülüb. Baş verən hadisələrə nəzər yetirdikdə qadınların daha çox həyat yoldaşları tərəfindən qətlə yetirildiyini görə bilərik. Həmsöhbətimiz, "Təmiz Dünya Qadınlara Yardım" İB-nin sədri Mehriban Zeynalovanın sözlərinə görə, öldürülən qadınların böyük hissəsi xüsusi amansızlıqla qətlə yetirilir. M.Zeynalova arzuolunmaz faktların sayının artmasını qadınların öz hüquqlarını bilməməsi və müvafiq qurumlara müraciət etməkdən çəkinməsi ilə izah edir.

Beynəlxaq təşkilatlardan dəstək


Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması sahəsində Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklər və onların icrası, bu istiqamətdə sistemli tədbirlərin görülməsi müxtəlif beynəlxalq sənədlərdə xüsusilə qeyd edilir. Belə ki, BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsinin Azərbaycanın 5-ci Hesabatı ilə bağlı Yekun Tövsiyələrində Azərbaycan hökumətinə təxirəsalmadan məişət zorakılığı ilə mübarizədə Milli Fəaliyyət Planı qəbul etməsinə və Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Konvensiyasına (qısalmış adı: İstanbul Konvensiyası) qoşulmasına dair çağırış etmişdi.

İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə aparmaq və onu aradan qaldırmaq üçün üzv dövlətlərə ən yaxşı beynəlxalq təcrübəyə əsaslanan hərtərəfli qanunvericilik bazası, siyasət və tədbirlər təklif edir. Eyni zamanda Konvensiya qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı kimi məsələləri səmərəli şəkildə həll etmək üçün işə cəlb olunmuş bütün müvafiq dövlət qurumları, xidmət qruplarını və qeyri-hökumət təşkilatlarını əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməyə çağırır. Bundan əlavə, Konvensiya müstəqil monitorinq mexanizmi yaradır və onun milli səviyyədə icrası ilə bağlı aparılan monitorinqdə parlament üzvlərinə xüsusi yer ayırır.


Rüfət Soltan
Adalet.az