Zamin Hacının polisə çağırılma səbəbi bilindi -FOTO

Zamin Hacının polisə çağırılma səbəbi bilindi -FOTO backend

Xəbər verdiyimiz kimi, "Yeni Müsavat"ın köşə yazarı Zamin Hacı yenidən Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Jurnalist, onu müşayiət edən vəkil Elçin Sadıqov və "Yeni Müsavat"ın hüquqşünası Vaqif Hüseynlə birlikdə BŞBPİ-yə gediblər.

Təxminən 70 dəqiqə çəkən söhbətin ardından köşə yazarımız və onu müşayiət edən hüquqşünaslar Bakı polisinin mərkəzi binasından ayrılıblar.

Zamin Hacı musavat.com-a deyib ki, onu, keçən dəfə olduğu kimi, BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov qəbul edib. Ondan başqa, söhbətdə DİN rəhbərliyinin təmsilçisi də iştirak edib. Köşə yazarına polisin fəaliyyətinə kölgə salan statuslar yazdığına görə iradlar bildirilib. Zamin Hacı deyib ki, yazıçı Rafiq Tağının ildönümü günündə Facebookdakı səhifəsində üstü açılmayan qətllərlə bağlı status yazıbmış. Orada son illərdə törədilmiş siyasi və başqa xarakterli qətllərlə bağlı istintaq orqanlarını qınayan fikirlər yazıb.

"Yeni Müsavat" qəzetinin köşə yazarı deyib ki, polis zabitləri ilə mədəni polemika aparıb, onların arqumentlərini dinləyib, özünün fikirlərini müdafiə edib.

Qeyd edək ki, bir neçə ay öncə köşə yazarını BŞBPİ-yə çağırmış, Facebook statusu ilə bağlı xəbərdarlıq etmişdilər.