İpoteka ilkə ev almaq asanlaşacaq

İpoteka ilkə ev almaq asanlaşacaq backend

Son vaxtlar ipoteka kreditləri sahəsində bəzi yeniliklərin şahidi oluruq. Hökumət elektron ipoteka layihəsini irəli sürərək ipoteka kreditlərinin verilməsində növbələrin yaranmasını və vətəndaşların rahatlığını birə-beş asanlaşdırdı. O cümlədən ipoteka faizləri ilə bağlı da xoş sözlər eşidirik. Elektron İpoteka” proseduru ipoteka krediti alınması ilə əlaqədar məsələləri nə dərəcədə asanlaşdıracaq?

2017-ci il yanvarın 1-dən etibarən ipoteka kreditlərinin elektron qaydada verilməsi ilə bağlı dövlət başçısının sərəncamı var. Bu, ipoteka krediti alınması prosedurunu maksimum sadələşdirə bilər. Məsələn, bu fərmanın 4-cü bəndinin 4.3. yarımbəndinə əsasən – İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.


Ekspertlərin sözlərinə görə, bəzi müştərilər ipoteka krediti almağın çətin olmasından şikayət edir. Qanununun əsas məqsədi proseduru sadələşdirmək və avtomatlaşdırmaqdır. Elektron ipotekaya keçid sırf texniki proses kimi görülə bilər. Amma bu belə deyil. Belə ki, elektron ipotekaya keçid, ipotekanın alınması prosesindəki şəffaflığı yüksəldəcək.


Misal üçün, ipoteka almaq istəyən şəxs müvəkkil banka müraciət edir, bank 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir. Bu da ipoteka alınması prosesindən sui-istifadələrə mane olacaq.


Əsas diqqət yetiriləsi əlavələrdən biri də müraciətdən imtina ilə bağlıdır. İndiyədək borcalana müvəkkil banklar tərəfindən ilkin müsbət rəy verilmiş hallarda, müəyyənləşdirilmiş müddətlərdə, müştəri lazımi sənədləri vaxtında təqdim etmədikdə, sistem tərəfindən avtomatik imtina olunur və kreditin verilmə prosesinin ümumi müddəti 60 gündən çox ola bilməz. Lakin fərmanın 4.4 bəndində nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz. Əgər imtina olunarsa, xüsusi ağırlaşdırıcı səbəb olmazsa, müştəri yenidən müraciət edə bilər.


Elektron ipoteka yeniliyi ilə bağlı sorğumuza cavab verən iqtisadçı Rəşad Əliyev öncə ipoteka kreditlərinin ödəniş faizinin 20 faizdən 15 faizə endiyini xatırladaraq bunun mənzil bazarında müsbət irəliləyişə nail olacağını bildirib. Daha sonra elektron ipotekanın mahiyyətindən danışan ekspert vətəndaş cəmiyyəti üçün müsbət hal kimi dəyərləndirib: "Elektron ipotekanın müsbət cəhəti odur ki, bu, ipotekanın alınması prosesini şəffaflaşdıracaq. Məsələn, orada qeyd olunur ki, ipoteka almaq istəyən şəxs müraciət edəndən sonra üç gün ərzində onun istəyinə ilkin rəy bildiriləcək. Yəni o, prosesi davam etdirsin, yoxsa hansısa səbəbdən bundan imtina olunur. İpoteka alanların qeydiyyatı da elektron formada aparılacaq. Bu da ipoteka alınması prosesindən sui-istifadələrə müəyyən qədər mane olacaq. Digər məsələ isə bürokratik əngəllərin aradan qaldırılması olacaq. Eyni zamanda, ipoteka işə salınandan sonra sənədlərin toplanması prosesi elektronlaşdırılacaq. Belə ki, həmin elektron ipoteka proqramı hökumət portalına birləşdiriləcək. Bundan sonra kredit vermək istəyən bank bir sıra bilgiləri, vətəndaşın gəlirləri haqqında, yaşayış yeri ilə bağlı, iş yeri haqqında məlumatları müvafiq dövlət orqanından elektron formada alacaq".

Ekspert Ramil Osmanlı isə bildirib ki, Elektron ipoteka sisteminə keçirilməsi o qədər də əhəmiyyətli dəyişikliklərə gətirib çıxartmayacaq.

Ekspert Rəşad Əliyevin şərhində yer alan ipoteka kreditlərinin aşağı faizə salınması məsələsi də gündəmdə yer alıb. Bununla bağlı Vüqar Bayramov ətraflı şərh verib: “Monitorinqlərimiz göstərirdi ki, ipoteka krediti verilən zaman bəzi banklar kredit alan şəxsdən hətta 40 faizlik ilkin ödəniş belə tələb edirdi. Bu isə xüsusən aztəminatlı ailələrin kreditdən istifadə imkanlarını xeyli məhdudlaşdırırdı. Mövcud qaydalara əsasən, adi ipoteka kreditləri üzrə ilkin ödəniş məbləği 15-25 faiz, sosial kreditlər üzrə isə 15 faizdir. Bu isə o deməkdir ki, heç bir halda bank adi ipoteka krediti üzrə 25, sosial kreditlər üzrə isə 15 faizdən çox ödəniş tələb etməz. Bəzi banklar bu rəqəmlər üzrə spekulyasiya aparıb ilkin ödəniş tələb etsələr də, belə söhbət maksimum faizlərdən gedir. Çox təəssüf ki, əvvəllər 40-45 faizlik ilkin ödənişin tələb edilməsi halları çox müşahidə edilirdi və buna görə də, belə hallar olan zamanda İpoteka Fonduna müraciət etmək lazımdır. Digər tərəfdən, hətta mövcud ilkin ödəniş məbləğləri də yüksəkdir, xüsusən də aztəminatlı ailələr üçün birdəfəlik 15 və ya 25 faiz ödəniş etmək heç də asan deyil. Bu baxımdan, əvvəllər də təklif etdiyim kimi, ilkin ödəniş məbləğinin adi ipoteka kreditlər üzrə 10-15, sosial ipoteka kreditləri üzrə isə 10 faizədək azaldılmasına ehtiyac var. Bu bankların yenə də risklərini sığortalamaq imkanı verməklə, ipoteka kreditlərinə əlçatanlığı artıra bilər”.


Rüfət Soltan


Adalet.az