BAKIDA “QARABAĞIN ARXEOLOJİ İRSİ” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS İŞƏ BAŞLADI

BAKIDA “QARABAĞIN ARXEOLOJİ İRSİ” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS İŞƏ BAŞLADI backend

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əsas binasının akt zalında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə “Qarabağın arxeoloji irsi” mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlamışdır. Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımov QAZİLER.AZ-a məlumat verib. Konfransın işində Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Ukrayna Respublikası, İran İslam Respublikası, Almaniya, Avstraliya kimi ölkələrdən dəvət olunmuş tanınmış arxeoloqlar da iştirak edirlər.

Konfransı rəsmi açılış hissəsinə sədrlik edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra giriş üçün sözü millət vəkili, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyliyə verdi. Akademik İsa Həbibbəyli konfrans iştirakçılarına AMEA-nın prezidenti akademik Akif Əlizadənin salamlarını çatdırdı, Azərbaycan elminin inkişaf səviyyəsinin dünyada tanıdılması üçün bu gün açılışı gerçəkləşən beynəlxalq konfransın elmi əhəmiyyətini xüsusi qeyd etdi.



AMEA-nın beynəlxalq əlaqələrindən söz açmış akademik, işğal altında olan Azərbaycanın əzəli torpağı Qarabağın tarixən Azərbaycanla üzvü bağlılığını ilk növbədə məhz arxeoloji abidələrin də göstərdiyini xüsusi vurğulamışdır.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova konfrans iştirakçılarına minnətdarlığını bildirmiş, son illərdə Azərbaycan arxeologiyasının əldə etdiyi nailiyyətlərdən, o cümlədən, Qarabağ abidələrinin tədqiqinin və tanıdılmasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əsas prioritet istiqaməti olmasını göstərən nailiyyətləri sadalamışdır.



Qarabağda, o cümlədən, cəbhəyanı ərazilərdə hətta beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan mühüm arxeoloji tədqiqatlardan, son dövrlərdə bu tədqiqatların nəticələrini əks etdirən Azərbaycan, ingilis, rus və d. dillərdə nəşr edilmiş elmi əsərlərdən söz açmışdır.

Konfransın açılış mərasimində AMEA İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Rauf Munçayev, Milli Azərbaycan Tarix Muzeyinin direktoru akademik Nailə Vəlixanlı çıxış ediblər.



Açılış mərasimi bitdikdən sonra konfrans iştirakçıları elmi məruzələrin dinləməsinə keçmişlər. Qeyd edək ki, konfransın 1-ci günü I Panel iclasına REA -nın müxbir üzvü Rauf Munçayev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, professor Hidayət Cəfərov sədrlik edirdilər.



Konfransın 29 noyabrdakı panel iclaslarına – tarix üzrə elmlər doktoru, professor Qüdrət İsmayılzadə, İran İslam Respublikasından olan arxeoloq doktor Alirza Hejebri Nobari, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov və tarix üzrə elmlər doktoru, professor Abbas Seyidov sədrlik edəcəklər.

Ümumilikdə, işə başlamış “Qarabağın arxeoloji irsi” mövzusunda Beynəlxalq Elmi Konfransında Azərbaycan, Qarabağ regionu və bütünlükdə Avrasiya arxeologiyasının müxtəlif dövrlərini əhatə edən tədqiqatların yekunları üzrə 50-dən çox elmi məruzələrin dinlənilməsi və müzakirəsi gözlənilir.

Həmçinin, konfrans iştirakçılarının və qonaqlarının Bakı və onun ətrafındakı arxeoloji abidələrə, o cümlədən, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq kompleksinə ziyarəti təşkil ediləcəkdir.

Konfrans noyabrın 30-da işini bitirəcəkdir.