Müharibə veteranları multikulturalizmlə bağlı tədbir keçirdi

Müharibə veteranları multikulturalizmlə bağlı tədbir keçirdi backend

QAZİLER.AZ saytı xəbər verir ki, bu gün Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin təşəbbüsü ilə bu qurumun Səbail rayon təşkilatının ofisində millət vəkilləri və müharibə veteranlarının multikulturalizmlə bağlı tədbiri keçirilib.

Tədbirdə millət vəkilləri Hadı Rəcəbli, Şəmsəddin Hacıyev, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aran, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev, Qarabağ əlillərini, Şəhid ailələrini, müharibə veteranlarını, Çernobıl əlillərini, Əfqanstan döyüşçülərini öz ətrafında birləşdirən təşkilat rəhbərləri, fəalları iştirak ediblər.

Tədbiri Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev açaraq görüşün mahiyyətindən danışıb: “Bildiyiniz kimi, cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda multikulturalizm ili elan olunub. İl boyu bununla bağlı müxtəlif tədbirlər, görüşlər keçirilib. Biz istədik ki, belə bir görüş Qarabağ müharibəsi veteranları ilə də olsun. Qeyd edim ki, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev səhhətində yaranmış problemlə bağlı burada iştirak edə bilmir. Ona can sağlığı, uzun ömür, tezliklə sağalıb sıralarımıza qayıtmasını arzulayıram! Təklifimizi qəbul edib gələn hər kəsə təşəkkürümüzü bildiririk. ”

Millət vəkili Şəmsəddin Hacıyev, Hadı Rəcəbli, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli , Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev çıxış edərək Azərbaycanda multikulturalizm dəyərlərinə böyük üstünlük verildiyini, dövlət tərəfindən ölkəmizdə yaradılmış tolerantlığın, siyasi, ictimai sabitliyin qorunub saxlanmasında veteranların da böyük rol oynadığını deyiblər.

Çıxışçılar bildirdilər ki, Azərbaycandakı multikulturalizmin bariz nümunələri Qarabağ döyüşlərində də yaşanıb. Yəhudilər, ruslar, ukraynlar və digər millətlərin nümayəndələri Azərbaycan naminə çiyin-çiyinə erməni işğalçılarına qarşı birlikdə döyüşüblər, yaralanıblar, şəhid olublar!

Sonda Əfqanıstan Müharibəsi Veteranları Birliyinin sədri Məhəmməd Vəliyev çıxış edərək döyüşçülər adından təşkilatçılara, millət vəkillərinə və digər qonaqlara öz minnətdarlığını bildirib.







QAZİLER.AZ
Diaspora