Gələn ilin birinci yarısında Ələtdə Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zona fəaliyyətə başlaya bilər.
Qaziler.az AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 21-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərlə görüşündə deyib.O bildirib ki, 2017-ci ilin birinci yarısında Ələt qəsəbəsində yerləşən Bakı Limanının tərkibində Azad Ticarət Zonası işə başlaya bilər. Azad Ticarət Zonasında müxtəlif sənaye sahələri, xüsusən də yüngül sənayenin müxtəlif seqmentlərini əhatə edəcək sahələrin yaradılması planlaşdırılır. İlk olaraq zonada anbarlar və əlavə dəyər yaradacaq sahələr olacaq. Növbəti mərhələdə əczaçılıq, neft-kimya, yüngül sənaye, kiçik istehsalat sahələrinin yaradılması nəzərdə tutulub.
Baş direktor, həmçinin qeyd edib ki, hazırda Azad Ticarət Zonasının hüquqi rejimi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Bu ilin sonuna qədər müvafiq sənədlər hökumətə təqdim ediləcək. Gələn ilin ilk iki ayında isə azad ticarət zonasının Baş Planı hazır olacaq.
Liman ərazisində aparılan tikinti işlərindən danışan T.Ziyadov bildirib ki, bu işlərin 2017-ci ilin sonunda yekunlaşması nəzərdə tutulub. Hazırda əsas iş “Ro-Ro” və quru yük terminalı üzərində gedir.