Son 25 il ərzində Xəzər dənizində suitilərin sayı 4 dəfə azalıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Geologiya və Geofizika İnstitutunun Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov deyib.Onun sözlərinə görə, suitilərin azalması halları Xəzər dənizinin bütün sektorlarında eyni formada müşahidə edilir.
T.Eybatov bildirib ki, suitilərin azalmasının qarşısının alınması üçün ölkələr arasında müəyyən razılaşmalar olsa da, buna əməl edilmir: “Xəzərdə suitiləri qıranlar, ondan istifadə edənlər var. Bu baxımdan ən acınacaqlı vəziyyət Rusiyada yaranıb. Onların Mahaçqala tərəfdə xüsusi zavodları, fabrikləri var. Onlar özləri suitiləri məhv edib ondan kommersiya məqsədilə istifadə edirlər”.
Muzey direktoru deyib ki, Abşeron yarımadası suitilərin qəbiristanlığı sayıla bilər. Çünki ölən suitilərin 90 faizi külək vasitəsilə Abşeron yarımadasının şimal hissəsinə gəlir: “Biz 1971-ci ildə suitilərin morfologiyası ilə məşğul olanda onların cəsədlərinin sahilə toplanma dinamikasını müşahidə etdik. Ancaq 1989-cu ildən sonra onların sayı azaldı. İndi isə Abşeron sahillərində ümumiyyətlə suiti yoxdur, sahillərdə suiti görə bilmirik”.
Suitilərin sayının azalmasına bir çox amillərin təsir etdiyini bildirən T.Eybatovun sözlərinə görə, 2000-ci ildə suitilər arasında epidemiyanın baş verməsi onların azalmasına təsir göstərib. Hazırda suitilərlə bağlı müəyyən problemlər olsa da, onların sağlamlıq vəziyyətləri son illərdə sabitləşib: “Son illərdə onlar Abşeron sahillərinə gələndə, yaxud tora düşəndə görürük ki, artıq sağlamdırlar. Ancaq sayları çox azaılıb. Əvvəl isə epidemiya dövründə sahilə çox arıq heyvanlar atılırdı, çünki onlar arasında xəstəlik olurdu”.
O, qeyd edib ki, Xəzər dənizinə bütün ölkələr vasitəsilə tullantılar atılıb. Bunlar da dənizdəki suitilərin zəhərlənməsinə səbəb olub. Bundan başqa, kütləvi balıq ovu aparılarkən torlara suitilərin də düşməsi, Xəzər dənizinə Qara dənizdən mnemiopsislərin keçməsi, suitilərin yemi olan balıqların sayının azalması bu dəniz canlılarının məhv olmasına gətirib çıxarır.
T.Eybatovun sözlərinə görə, Xəzər dənizində aparılan neft-kəşfiyyat işlərinin aparılması suitilərin sayının azalmasına çox mənfi təsir göstərir.