Universitetdən Hesablama Palatasına CAVAB gəldi

Universitetdən Hesablama Palatasına CAVAB gəldi backend

Bakı Slavyan Universiteti Hesablama Palatasının adıçəkilən universitetdə qanunsuzluqları aşkarlaması ilə bağlı məsələyə münasibət bildirib.

Universitetinin mətbuat şöbəsinin müdiri Adil Əliyev Lent.az-a bildirib ki, Palata tərəfindən Bakı Slavyan Universitetində audit yoxlaması aparılıb: “Hesablama Palatası BSU-nun fəaliyyətini müsbət qiymətləndirilib. Həmçinin, ciddi nöqsanlar aşkar edilməyib. Bildirilən iradlar yoxlama prosesi zamanında aradan qaldırılıb”.

BSU sözçüsü onu da qeyd edib ki, ali məktəbdə aşkarlanan nöqsanlara görə, bir nəfər cəzalandırılıb: “Həmin adamın adını çəkməyəcəm. Amma onu deyə bilərəm ki, həmin şəxsə töhmət elan edilib”.


Hesablama Palatasının 2014-cü il üzrə hesabatında Bakı Slavyan Universiteti (BSU) ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: Bakı Slavyan Universiteti (BSU) üzrə vəsaitlərin istifadəsinə dair audit nəticəsində məlum olub ki, valideynləri ali məktəbin əməkdaşı olan 2 tələbə, məcburi köçkün statusu olmayan 4 tələbə əsassız olaraq təhsil haqqının ödənilməsindən azad edilib.

Bundan başqa, təhsilini bitirən və diplomları hələlik verilməyən 42 tələbə üzrə təhsil haqqı borcu mövcud olub, təhsil haqqı üzrə debitor və kreditor borclar bəzi hallarda uçota alınmayıb, bağlanılan müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində universitetdə təhsil alan əcnəbi tələbələrdən, əlavə təhsil fakültəsinə qəbul olunan müdavimlərdən və təşkil edilən yay məktəbində kredit borcu üzrə təhsil haqqının alınması təmin edilməyib.

Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, professor-müəllim heyətinin vəzifə maaşına elmi adlara və elmi dərəcələrə görə əlavələrin düzgün hesablanmaması və kateqoriyaların düzgün müəyyən edilməməsi nəticəsində artıq, dosent və professor vəzifəsində işləyən pedaqoji işçilərin vəzifə maaşının düzgün müəyyənləşdirilməməsi nəticəsində isə onlara az əmək haqqı ödənilib, BSU-nun nəzdində fəaliyyət göstərən məktəb-lisey üzrə əmək haqqına əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində, eləcə də bir vahid direktor müavini ştatı artıq saxlanılaraq əmək haqqı ödənilib, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan universitetdə xarici tələbələrlə iş üzrə dekanlıq yaradılıb, 1993-cü ildən BSU-nun məcburi köçkünlər məskunlaşmış və fəaliyyəti olmayan yataqxanaları üzrə saxlanılan ştatlara görə əmək haqqı ödənilib, normativdən artıq kafedralar, məktəb-liseydə müvafiq şərait olmadan günü uzadılan qruplar yaradılıb.

Hesabatda o da qeyd edilir ki, elmi konfrans zamanı dəftərxana xərci normasına əməl olunmaması, ezamiyyə normalarına düzgün əməl edilməməsi nəticəsində, aylıq yürüş həddi və yanacaq sərfi normasına əməl edilməməsi nəticəsində normadan artıq vəsait xərc edilib, heç bir vəzifəli şəxsə təhkim olunmayan avtomobilə yanacaq silinib, universitet tərəfindən düzgün olmayaraq müxtəlif adlı təqaüdlər təsis edilərək artıq təqaüd ödənilib, təqaüdlərin ödənilməsi üçün yığılan vəsait hesabına tələbələrə mükafat və artıq təqaüd verilib, müvafiq təlimatın tələblərinə əməl edilməyərək dövlət öhdəliyinə qəbul olunmayan kreditor borc ödənilib, BSU-nun anbarı üzrə mal-materialların artıqlığı və çatışmazlığı müəyyən edilib, yerinə yetirilməyən işlərə görə podratçılara vəsait ödənilib.

Audit nəticələri üzrə aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə görülən tədbirlərlə bağlı BSU tərəfindən təqdim edilən məlumatda 68 900 manat məbləğində vəsaitin müvafiq qaydada dövlət büdcəsinə bərpa edildiyi, 817,4 manat artıqlığın uçota alındığı, 16 627,5 manat dəyərində təmir işlərinin yerinə yetirildiyi, 7 500 manat məbləğində debitor və 36 990 manat məbləğində kreditor borcun uçota alındığı, universitetin nəzdində fəaliyyət göstərən məktəb-liseyin bir sıra rəhbər, inzibati və xidmətedici işçilərinin vəzifə maaşlarına 15% əlavə hesablanmasının dayandırıldığı, məktəb-lisey üzrə artıq saxlanılan 5 ştat vahidinin ixtisar edildiyi bildirilib.

Nöqsanlara yol verən 7 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən baş mühasibə, 2 şöbə müdirinə, 1 mühasibə, 1 dekana, baş mühəndisə və Məktəb-Lisey Kompleksinin direktor müavininə töhmət elan edilib.
Diaspora