Bu gündən etibarən 65 yaşı tamam olan şəxslər Azərbaycanda "D" və "DE" kateqoriyalı sürücülük vəsiqəsi ala bilməyəcəklər. Bunu BakıPost-a yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad. Hüseynov "Yol hərəkəti haqqında" Qanuna avtobus sürücülərinin yuxarı yaş məhdudiyyəti ilə bağlı edilmiş dəyişikliyi şərh edərkən deyib.
Ekspert bildirib ki, "Yol hərəkəti haqqında" Qanuna edilmiş dəyişiklik bu gündən qüvvəyə minir: "İndiyədək bu kateqoriyalar üzrə sürücülük vəsiqəsi olanlar isə 65 yaşa çatdıqdan sonra öz vəsiqələrinin qüvvədə olma müddətini uzada bilməzlər.
Amma hazırda "D" və ya "DE" kateqoriyaları üzrə sürücülük vəsiqəsi olan şəxslər malik olduqları vəsiqənin etibarlılıq müddəti bitənədək ondan istifadə edə bilərlər, çünki qüvvəyə minən dəyişiklikdə onun geriyə qüvvəsi barədə, yaxud hazırda istifadədə olan vəsiqələr barədə heç nə deyilmir.
Bununla belə, həmin şəxslər öz vəsiqələrini uzağı etibarlılıq müddəti bitənədək istifadə edə biləcəklər”. Ərşad Hüseynov qeyd edib ki, növbəti dəfə o hazırda "D" və ya "DE" kateqoriyaları üzrə sürücülük vəsiqəsi olan şəxslərin vəsiqəsi dəyişdirilərkən onlara "D" və "DE" kateqoriyaları verilməyəcək.