Vergi məcəlləsinə görə televiziyalar əlavə dəyər vergisindən azad olsa da Vergilər Nazirliyi bu vergini kanallardan tələb edir.
Qaziler.az xəzərxəbər-ə istinadən bildirir ki, millət vəkili Çingiz Qənizadə buna görə nazirlikdən izahat tələb edib. Məsələ bu gün Milli Məclisdə qaldırılıb. İclasda diqqət çəkən bir digər məsələ isə idman oyunlarını pul qarşılığında satanlara qarşı cəzaların sərtləşdirilməsi olub.Vergilər Nazirliyi televiziya kanallarından kütləvi informasiya proqramlarının yayımlanmasına görə əlavə dəyər vergisi alır. Əslində isə bu fəaliyyət növü Vergilər Məcəlləsinə görə əlavə dəyər vergisindən azaddır. Milli Məclisin bugünkü plenar iclasında bu sözlərlə çıxış edən Çingiz Qənizadə Vergilər Nazirliyini sərt tənqid edib.
Plenar iclasda müzakirəyə çıxarılan maraqlı məsələlərdən biri də idman yarışlarını manipulyasiya edənlərə qarşı cinayət məsuliyyətinin qoyulması idi. Belə ki, oyunu pul qarşılığında satanlar, buna cəhd edənlər və oyunun satılması üçün hədə qorxu gələnlərə qarşı sərt cəzalar tətbiq olunacaq.
Ən geniş müzakirə mövzusu olan məsələlərdən biri isə yaşıllıqların məhvinə görə cəzaların sərtləşdirilməsi ilə bağlı olub. Belə ki, meşələrin və yaşıllıqlar qanunsuz kəsilərək təbiətə xeyli miqdarda ziyan vurularsa, 5 min manatdan 7 min manatadək cərimə, eləcə də ağırlaşdırıcı hallarda 2 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Millət vəkili Elmira Axundova cəzaların sərtləşdirilməsi ilə yanaşı onun tətbiqi üçün bütün dövlət qurumlarının fəal olmasının vacibliyinə diqqət çəkib.
Milllət vəkili Fərəc Quliyev isə yaşıllıqların məhv edilməsinə icra hakimiyyətlərinin seyirci qaldığına diqqət çəkib. Ümumilikdə isə gündəlikdəki 26 məsələ müzakirəyə çıxarılaraq dəyişikliklər qəbul olunub.