İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Çin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, hazırda Azərbaycanda Çin kapitalına əsaslanan 77 şirkət fəaliyyət göstərir. Bu şirkətlər neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sahəsində də layihələr həyata keçirirlər. Diqqətə çatdırılıb ki, Azərbaycanda fəaliyyət göstərən sement zavodları Çin şirkətləri tərəfindən tikilib.
Şahin Mustafayev bildirib ki, bu ilin 9 ayında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 56 faiz artıb. “Azərbaycan Çinlə əlaqələrin daha da inkişafında maraqlıdır və energetika, nəqliyyat, tranzit yükdaşımaları, investisiya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var”, - Mustafayev əlavə edib.
Nazir Çin şirkətlərini əməkdaşlığa dəvət edib.