Universitetdən 400 min necə oğurlandı?- biri universitetin işçisidi- Təfərrüat

Universitetdən 400 min necə oğurlandı?- biri universitetin işçisidi- Təfərrüat backend

Odlar Yurdu Universitetinin prorektorunun ofisindən edilən oğurluğun maraqlı təfərrüatları məlum olub.

Qaziler.az Musavat.com-a istinadən bildirir ki, bu məqamlar oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə keçirilən məhkəmə prosesində ortaya çıxıb. Qeyd edək ki, bu işə görə təqsirləndirilən şəxslərin sayı 7 nəfərdir. Oğurluqda təqsirləndirilənlərdən biri elə universitetin əməkdaşıdır.

Noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər ifadə verib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, 7 nəfərin mühakimə olunduğu məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərdən biri olan Vüqar Vəliyev "Odlar Yurdu"nun hərbi və mülki müdafiə şöbəsinin müdiri olub.

Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyevin seyfinin oğurlanması ilə bağlı təfərrüatları seyfi oğurlamaqda suçlanan Sübhan Əkbərov məhkəmədə danışıb.

Vüqar Vəliyev təqsirləndirilən Sübhan Əkbərovun bacısının həyat yoldaşı imiş. Planı da bilrikdə qurublar.

Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, prorektorun otağındakı seyfdən 429 min 172 manat pul oğurlanıb. Ancaq təqsirləndirilən şəxslər məbləğin şişirdildiyini deyir.

Oğurluqda suçlanan Sübhan Əkbərov deyir ki, bu yalandır. Seyfdə təxminən 120 min manat pul olub. O, ifadəsində bildirib ki, seyfdə olan pulun bir hissəsini başqalarına verib. Pulun 1800 manatı da tutularkən S.Əkbərovun üstündə olub. Həmin pulu da polis əməkdaşları götürüb.

S.Əkbərov həbs edildikdən sonra 55 min 100 dolları və 31 min 550 manatı da qaytardığını söyləyib.

Məhkəmədə aydınlaşıb ki, Vüqar Vəliyev "Odlar Yurdu"nun hərbi və mülki müdafiə şöbəsinin müdiri olub və S.Əkbərovla birgə bu işi planlaşdırıb.

S.Əkbərov bu planı belə danışıb: “Bir gün Vüqarla söhbət edirdik. Dedim ki, kasıblıqdan bezmişəm. Belə yaşamaqdansa, az qalıram, oğurluq eləyim. Məlumdur ki, dekabrın 25-dən yanvarın 30-na qədər semestr imtahanlarıdı, pul yığılır. Vüqar dedi ki, yanvarın 5-dən 10-na qədər seyfdə daha çox pul olur. Seyfdə nə pul olsa, onun 20 faizini istədi. Mən də yanvarın 8-də axşam gedib bu hərəkəti elədim. Əvvəl universitetə bir neçə dəfə gedib-gəlmişəm. Bir gün qabaq da Vüqar mənə giriş-çıxışı bir vərəqdə çəkib verdi. Səhər də getdik”.

Sübhan Əkbərov hadisənin necə baş verməsindən geniş danışmaq istəməyib. Bunun səbəbini də izah etməyib.

O, məhkəmədə geniş danışmaq istəməsə də, istintaqa verdiyi ifadəsi elan olunub.

S.Əkbərov istintaqa deyib ki, oğurluğa Pərviz, Ramin və Həzrətlə gedib, hasarı aşıb ikinci mərtəbəyə qalxıblar. Seyfi götürdükdən sonra gəldikləri maşınla da Hökməli qəsəbəsinə qayıdıblar. Orada seyfi açıb, pulu bölüblər. Vüqarın payını da ayırıblar.

Sübhan Əkbərov bacısının həyat yoldaşı olan Vüqar Vəliyevlə qohumluq münasibətlərində yaranan problemlərdən danışıb. O, bildirib ki, yaxınları ilə yeznəsi Vüqar Vəliyevin münasibətlərinin pisləşməsini vaxtında bilməyib.

“Münasibətlərin pozulduğunu valideynlərim mənə deməyiblər. Desəydilər, nə onun sözü ilə gedib oğurluq eləyərdim, nə də bu gün burada onun yanında olardım”- deyə o, ifadəsində əlavə edib. Ancaq onun bu fikiri nə məqsədlə dediyi
aydın olmadı.

Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə ittiham verilməyib.

Onlardan ikisi - Mirsənan Seyidov və Fərahim Baxşıyev CM-in 194-cü (cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul və ya digər əmlakı əldə etmə) maddəsilə təqsirləndirilir. O biriləri həbsdə olsalar da, bu iki nəfər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onlar zamindədir və məhkəmə proseslərində iştirak edirlər.

Digər təqsirləndirilən Sabirabad sakinləri olan Mirsənan Seyidov və Fərahim Baxışlı deyir ki, Sübhan Ələkbərov onları görüşə başqa məqsədlə çağırıb. Onlar deyiblər ki, Sübhan onları maşınla qız qaçırmaq üçün Bakıya çağırıb.

Lakin onlar iddia edir ki, Bakıya gələndə qız qaçırmayıblar. Əvəzində isə Sübhan 1000 manat birinə, 5000 manat da o birisinə pul verib.

Məhkəmədə S.Ələkbərov deyib ki, prorektorun otağında 400 mindən çox pul olması haqda deyilənlər doğru deyil: “Mən seyfi özüm kəsmişəm. Otaqda 3 seyf var idi. Birini apardıq. 120 min də pul var idi. 20 mini Vüqara ayırdım. Dİgərlərini də böldüm. Deyilən qalan pulu kimin apardığını bilmirəm”.

Digər təqsirləndirilən şəxslər isə Pərviz Quliyev, Həzrət Məmmədovdur. Onlar da oğurluq maddəsi ilə təqsirləndirilirlər. Növbəti məhkəmə prosesində onlar da ifadə verəcək.