Zığ yolunda təmir yekunlaşır

Zığ yolunda təmir yekunlaşır backend

Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi yekunlaşmaq üzrədir. Bu barədə QAZİLER.AZ-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Burada yolun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir.


Avtomobil yolunun sözügedən 5 km-lik hissəsi uzun müddət idi ki, təmir olunmadığından intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı.

Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.

Hal-hazırda yola yeni asfalt-beton örtüyünün son qatının, aşınma layının döşənməsi işləri aparılır. Yaxın günlər ərzində asfaltlanma işləri tam olaraq yekunlaşdırılacaq. Ümumilikdə yolun hərəkət hissəsi, giriş yollar və səkilər də daxil olmaqla 73 min m2 sahənin asfaltlanması nəzərdə tutulub.

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilərin kənarına 6 min paqon-metr yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün 9 ədəd xüsusi “cib”li avtobus dayanacağı inşa olunub. “Cib”lərin uzunluğu 20 metr, eni isə 3 metrdir. Səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub.

Qeyd edək ki, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.