“Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” – Hadı Rəcəbli

“Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” – Hadı Rəcəbli backend

"Populistlər deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir"

Bu gün sosial şəbəkədə deputat Hadı Rəcəbli növbəti dəfə istifadəçilərin hiddətli hücumuna məruz qalıb. Onun ünvanına səslənən tənqidlərin, bəzən isə təhqirlərin sayı-hesabı yoxdur. Buna səbəb Hadı Rəcəblinin Qarabağ müharibəsi veteranlarına və əlillərinə tətbiq edilən və ya təklif olunan imtiyazların əleyhinə növbəti dəfə çıxmasıdır.

Qeyd edək ki, bundan əvvəl deputat oktyabrın 21-də qəzetimizə müsahibəsində eyni fikirləri dilə gətirmiş və tənqidlərə məruz qalmışdı. Bu gün isə o, təxminən eyni fikirləri "Report" saytına müsahibəsində dilə gətirib.

Parlamentin komitə sədrinin müsahibəsini oxucularımıza təqdim edərək bildiririk ki, onu ictimai-siyasi fəalların hədəfinə çevirən bu müsahibəsidir.

***

“Sosial sahədə islahat aparmaq çox çətindir, bunun üçün maliyyə vəsaiti lazımdır. Heydər Əliyev daha bir cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu”.

Hadı Rəcəbli hazırda vətəndaşların bir qisminin əmək haqlarının azlığından şikayətlənməsi barədə suala belə cavab verib: "Tələbatla təminat düz mütənasibdir. İnsan təmin ola-ola adekvat tələbatı da artır. Telefon, fotoaparat 5 il öncə necə idi? İndi necədir? İnsan istəkləri də buna uyğun dəyişir. Yəni, təmin oluna-oluna bu istəklər artır. İnsan heç vaxt nə iləsə qane olmur. 20 il öncə vətəndaşlarla görüşəndə bizdən yalnız işıq, qaz problemlərinin həll olunmasını istəyirdilər. Zaman keçdikcə bu problemlər həll olundu, amma yeni arzular yarandı, yenə nəsə istəyirlər. Əmək haqqı minimumu yaşayış minimumuna uyğunlaşdırılır. 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. Diqqət edin, bu, minimumdur. Yaxşı yaşamaq üçün, maaşın sonsuz istəklərimizə çatması üçün nə lazımdır? Bir evdə iki əmək qabiliyyətli insan işləməlidir. Bir müddət öncə, "Kiminsə işdən sonra vaxtı qalırsa, başqa sahədə də işləsin" ifadəmi yanlış istiqamətə yozdular. Əslində, dediyim sosial rifahın yaxşılaşdırılması üçündür. Çox qazanmaq istəyən yaxşı oxumalıdır, savadlı olmalıdır ki, yüksək maaşlı iş tapa bilsin. Yaxşı həkim, müəllim, jurnalist görün nə qədər maaş alır. Baxın, Dövlət Neft Şirkətində nə qədər kasıb ailələrdən ağıllı insanlar işləyirlər... Əmək Məcəlləsinə də dəyişiklik edilib, əvvəllər iki yerdən artıq yerdə işləmək olmazdı, indi isə elə deyil, vaxtın varsa, istədiyin qədər müəssisədə çalışa bilərsən. İndi iş üçün müraciət edirlər və dərhal maaşını soruşurlar, amma özünün həmin şirkətə nə verəcəyi bəlli deyil. Savadsız insanlara niyə yüksək maaş verilsin? Dövlət orqanları, şirkətlər savadlı kadr axtarırlar. Yaxşı yaşayış üçün qənaət də olmalıdır. Dünyada qəbul olunmuş bir aforizm var, o adam varlı deyil ki, o çox qazanır. O adam varlıdır ki, daha qənaətcildir. Bankdan kredit götürürlər, soruşursan, niyə götürmüsən? Deyir, qızıma bahalı telefon almışam. Adama deyərlər, yorğanına bax, ayağını uzat. Məsələnin başqa tərəfi də var, indi adi suvaqçı ayda 2 min manata qədər pul alır. Amma polis orqanlarında 300 manata gözətçiliyə razıdırlar, suvaqçı işləməyə yox. Bizdə bu tipli peşələrin təbliği zəifdir. Vəzifəli şəxslərin keçdiyi həyat yoluna diqqət edin, əksəriyyəti fəhləlikdən başlayıb, dözüb işləyib. Axı insan niyə zəhmət çəkməsin ki? Azərbaycanda orta və kiçik sahibkarlar iş yerləri yaradırlar. Bizdə nədənsə pul qazanana, sahibkara, iş yeri yaradana digərləri paxıllıq edir, üstünə düşürlər. Həmin adamlara demək lazımdır ki, bacarırsan, sən də et. Pulu qazanmaq üçün bir sıra keyfiyyətlər lazımdır. Təəsüf ki, bu da hamıda olmur. Prezident İlham Əliyev də çıxışlarında deyir ki, orta və kiçik sahibkarlığı qorumaq lazımdır, bürokratik əngəllər aradan qaldırılmalıdır. Amma bizim cəmiyyətdə sahibkar haqqında deyilən fikirlərə baxın, təxminən sovet dönəmindəki kimi - qaniçəndir, qolçomaqdır, istismarçıdır. Bir çox hallarda çayxanalarda boş-bekar oturub onun-bunun pulunu sayırlar. Bir sahibkar kredit götürüb obyekt tikirsə, 10-15 nəfərə iş yeri yaradırsa, bunun nəyi pisdir ki?

Azərbaycanda rüşvətxorla sahibkarı qarışdırırlar. Bəzi məmurların, Akif Çovdarov kimi quldarların əməlləri üzə çıxdı, bilindi ki, bunlar cinayətkar olublar. Zaman keçdi, hər kəs payını aldı, başqa cür də ola bilməzdi".