Bəstəkar Sevinc Tofiqqızı “Çağır məni” adlı qısametrajlı filminə və klipinə təqdimat mərasimi keçirib.
Musavat.com xəbər verir ki, sözləri Xanım İsmayılqızına, musiqisi bəstəkarın özünə məxsus olan bəstəni müğənni Aslan Hüseynov ifa edib. Ekran işlərinin rejissoru Elmar Məmmədov, ssenari müəllifi isə Pəyyam Rafiqdir.Aprel döyüşlərinə və orada həlak olan əsgərlərin xatirəsinə həsr edilən ekran işinin təqdimatı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlər 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimdə millət vəkili Hadı Rəcəbli Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri Hamid Karadeniz, Namik Ata, Azərbaycan Respublikası Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Əskərova, “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Həsənov Məmmədhəsən, şair Vaqif Nəcəfzadə, Qarabağ müharibəsinin canlı şahidi olmuş müharibə veteranları və qazilər iştirak ediblər.
Təəssüratlarını bölüşən bəstəkar ekran işlərinin ərsəyə gəlməsində köməklik edən şəxslərə təşəkkür edib: “Çəkilişlər N saylı hərbi hissədə aparılıb. Çəkilişlər üçün bizə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin rəhbəri Mirzə Məmmədvəliyevin təşkilatçılığı ilə şərait yaradan Daxili Qoşunların komandanı Şahin Məmmədova, mətbuat xidmətinə, şəxsi heyətinə təşəkkür edirəm. Klip və Filmin uğurluy alındığını düşünürəm. Vətənpərvər xanım olaraq aprel döyüşlərinə və şəhidlərimizə həsr olunan layihədə yer almaq mənə qürur hissi verir”.
Sonda S.Tofiqqızı “Çağır məni”nin yaradıcı heyətini “Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin fəxri diplomu ilə təltif edib.