Ödənişlər “online” rejimdə təqdim edilir

Ödənişlər “online” rejimdə təqdim edilir backend

“Azərbaycanda fəaliyyət göstərən bütün sığortaedənlər ödənişləri “online” rejimdə təqdim edirlər və DSMF-nin müvafiq yerli orqanlarına köçürülür”.

QAZİLER.AZ xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusunda keçirilən təqdimat-seminarda jurnalistlərə açıqlaması zamanı bildirib.

“Eyni zamanda məcburi dövlət sosial sığorta haqları üzrə olan hesabatları da elektron qaydada təqdim edirlər. Bu məsələdə əldə etdiyimiz uğurların nəticəsi olaraq Dünya Bankının “Doing Bisness” reytinq cədvəlində məcburi dövlət sosial sığorta haqları üzrə “online” rejimdə ödənişlərin edilməsi və eyni zamanda hesabatların elektron qaydada təqdim olunması nəticəsində Azərbaycan 32 pillə irəliləyib” – deyə Z. Babayev bildirib.

Sədr müavini qeyd edib ki, DSMF-nin sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinət.

Qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. DSMF orqanı qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişini həyata keçirir.

Tədbirdə çıxış edən DSMF-nin şöbə müdiri Fərid Baxşıyev isə “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası” çərçivəsində sənədin ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıdığını vurğulayıb.

Daha sonra təqdimatlarla çıxış edən DSMF-nin əməkdaşları hazırda fondun mərkəzi məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 041 min sığortaolunan barədə müvafiq məlumatlar toplandığını, bunun da ölkə əhalisinin 45%-ni təşkil etdiyini bildiriblər.
Diaspora