Dünya bazarında pambığın qiyməti aşağı düşüb. Bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.
Onun sözlərinə görə, bu ilin iyul-avqust aylarında pambığın kiloqramı 1,65 dollara təklif olunub. Lakin noyabrın 2-dən pambığın 1 kiloqramı 1,5 dollara qədər ucuzlaşıb.
Pambığın ucuzlaşması təklifin tələbi üstələməsi ilə izah olunur. “Hazırda dünya ölkələrinin istehlakı qədər ehtiyat pambıq yığılıb. Hər il istehsal 25 milyon ton, istehlak isə 24 milyon ton olur. İldə ehtiyatın üstünə 1 milyon ton pambıq yığılır”, - ekspert deyib.
Dövlət Statistika Komitəsindən isə sayta bildiriblər ki, ötən ayın sonunadək 44083,3 pambıq yığılıb. Bu isə ötən ilin göstəricisindən 1,6 dəfə çoxdur. “Bu il respublika üzrə 52057,7 hektar əkin sahəsində pambıq əkilib. Ötən ilin noyabrın 2-dək 18684,0 hektar əkin sahəsindən 27039 pambıq yığılıb”, - komitədən deyiblər.
Qeyd edək ki, sentyabrın 15-dən pambıq yığımına start verilib. Lakin havaların yağmurlu olması pambıq yığımını yubadır. Bu il pambıq istehsalının 100 min tona çatdırılacağı proqnozlaşdırılmışdı.