Təhsil Naziri Mikayıl Cabbarov yeni əmr imzalayıb. Əmrə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin yaradılması nəzərdə tutulub. Əmrdə göstərilir ki, hazırda İdarənin nəzdindəki Metodik Mərkəzin fəaliyyəti təhsilin inkişafı strategiyasından irəli gələn istiqamətlərin dəstəklənməsi baxımından aktuallıq kəsb etmir və ümumtəhsil məktəblərinin zəruri ehtiyaclarını ödəmir.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov maraqlı fikir bölüşüb. Onun sözlərinə görə, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetləri (metodik mərkəz) tərəfindən qabaqcıl, yaradıcı müəllimlərin pedaqoji təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və yayılmasına da lazımi diqqət yetirilmir:"Təhsil sistemində kifayət qədər ciddi işlər görülsə də, son illərdə ümumtəhsil müəssisələrinə göstərilən metodik xidmətin təşkili vəziyyətinin təhlili onu göstərir ki, təhsil sistemində aparılan işlərl təəssüflər olsun ki, bu sahədə həyata keçirilmir. Belə ki, islahatların həyata keçirildiyi hazırkı şəraitdə yerli təhsili idarəetmə orqanlarının metodik kabinetlərinin fəaliyyətində hələ də bir sıra nöqsanlar və həll edilməmiş problemlər qalmaqdadır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, hal-hazırda metodik xidmətin həyata keçirilməsi üzrə Naxçıvan MR də daxil olmaqla Respublikanın 73 şəhər və rayonunda təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə Metodik Mərkəz fəaliyyət göstərir. Hazırda bu metodik kabinetlər və Metodik Mərkəzdə 734 nəfər metodist, 147 nəfər texniki işçi çalışır. Metodistlərdən 626 nəfəri tam, 108 nəfəri 0,5 ştat vahidi üzrə işləyir".
Mütəxəssislər hesab edir ki, təlim-tərbiyə prosesinin müasir dövrün tələbləri səviyyəsində təşkili və idarə olunması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi, gənc müəllimlərlə işin təşkili və s. istiqamətlər üzrə mentorluq dəstəyinin göstərilməsi zəruridir.
Dünya ölkələrinin uğurlu təcrübəsi göstərir ki, məktəblərə mentorluq dəstəyi həm fənn əsaslı, həm də təlim prosesinin hər bir komponenti nəzərə alınmaqla təşkil edilməlidir. Bu sahədə müasir yanaşmaları nəzərə alaraq ümumtəhsil müəssisələrinə göstərilən mentorluq dəstəyinin məzmunu və təşkilati-struktur forması dəyişdirilərək daha səmərəli modeli yaradılmalıdır.
Kamran Əsədov metodik mərkəzlərin iş strukturlarını qura bilməməsini, yeni mərkəzlərin yeni təkan gətirəcəyini bildirib:
"Təəssüflər olsun ki, təhsilimizdə olan metod kabinetlərin bir çoxu öz fəaliyyətlərini "Rayon (şəhər) təhsil şöbəsinin metodik kabineti haqqında Əsasnamə"nin tələbləri səviyyəsində qura bilməmişdir. Metodik kabinetlər tərəfindən fənn kurrikulumları, yeni qiymətləndirmə sistemi, dərslik siyasəti, yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı əsaslı tədbirlər həyata keçirilməmiş, yaradıcı müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması istiqamətində sistemli iş aparılmamışdır. Gənc müəllimlərlə işin təşkili, demək olar ki, metodik kabinetlərin diqqətindən kənarda qalmış, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində səmərəli iş sistemi yaradılmamışdır. Metodik kabinetlərin çox az qismi tədris proqramlarının yerinə yetirilməsi və proqram materiallarının mənimsənilməsinə dair diaqnostik təhlil aparırlar.
Bu sahədə ən ciddi problemlərdən biri də odur ki, bir sıra rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərində ştat vahidlərindən düzgün istifadə edilmir, ayrı-ayrı illərdə ehtiyac olmadan eyni ixtisaslı kadrlar metodist vəzifəsinə təyin edilir, bu səbəbdən metodik kabinetlərdə digər ixtisaslar üzrə metodistlərə ehtiyac yaranır.
Çatışmazlıqlardan biri də odur ki, metodik kabinetlərdə çalışan metodistlərdən böyük faizi pensiya yaşında çalışan insanlardır.
Xüsusi qeyd etmək istəyirəm ki, metodik xidmətin təşkili sahəsində xarici ölkələrin təcrübəsi öyrənilmir və onların ölkəmizdə mövcud olan sistem ilə müqayisə edilmir. Qeyd edim ki, ABŞ və Avstraliyada kurrikulum departamentləri, Hollandiyada kurrikulum və qiymətləndirmə mərkəzləri, Türkiyədə Təlim və Tərbiyə Qurumları, Litvada Təlimin İnkişaf Mərkəzləri, Gürcüstanda Resurs Mərkəzləri bilavasitə ölkə, şəhər səviyyəsində metodik xidmətin təmin olunmasına yönəlmişdir.
Amma bizdə bu məsələlərdən söhbət belə gedə bilməz. Onda görə də bizim dərsliklərimizdə metodiki baxımdan ciddi qüsurlar var. Hesab edirəm ki, bundan sonra Təhsil Nazirliyi tanınmış, bu sahədən xəbəri olan təhsil mütəxəssislərini cəlb edib yeni strategiya hazırlayacaq və bizim metodika ilə bağlı olan problemimiz aradan qalxacaq.
Qeyd edək ki, əmrə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzi ləğv ediləcək və mövcud əməkhaqqı fondu çərçivəsində 79 ştat vahidi ilə Təlimə Dəstək Mərkəzi yaradılacaq.
BŞTİ-yə tapşırılıb ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsi ilə birlikdə sərbəstləşən işçilərin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində mövcud imkanlar daxilində müvafiq işlə təmin edilmələri istiqamətində zəruri tədbirlər görülməlidir.
Metodik Mərkəzin inventar və avadanlığı Təlimə Dəstək Mərkəzinin istifadəsinə veriləcək. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.
Rüfət Soltan
Adalet.az