CASCFEN Mətbuat Xidmətinin QAZİLER.AZ saytına verdiyi məlumata görə, CASCFEN sədri Azər Həsrət bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla ölkənin 10 ayrı şəhərində orta məktəb müəllimləri üçün seminarlar təşkil ediləcək. Hərəsi 5 saat çəkəcək seminarlarda 25 nəfərlik qrupların iştirakı nəzərdə tutulur. Bu qrupların tərkibi tam olaraq orta məktəb müəllimlərindən ibarət olacaq. Seminara qatılmaq istəyən müəllimlərin yeni texnologiyalarla işləmə bacarıqlarının olması şərtdir.
Seminarların Lənkəran, Bakı, Quba, Kürdəmir, Saatlı, İsmayıllı, Şamaxı, Sumqayıt, Yevlax, Tərtər şəhərlərində təşkili nəzərdə tutulur. İlk mərhələdə bu bölgələrdə yerli koordinatorlar müəyyən ediləcək, ardından da CASCFEN ekspertləri bölgəyə səfər edərək seminarı gerçəkləşdirəcəklər. Seminar iştirakçılarına CASCFEN-in sertifikatları da veriləcək.Təşkilatdan verilən məlumatda deyilir ki, CASCFEN bu vaxta kimi öz daxili imkanları hesabına müəllimlər və başqa kateqoriyadan olan şəxslər üçün bir neçə belə seminar keçirib. Bu seminarlardan biri Yevlax şəhərində təşkil edilib. Daha 2 seminar isə Bakı şəhərində müəllimlər üçün keçirilib. Bu günədək olan seminarlarda ümumilikdə 100-dək dinləyici iştirak edib. Hazırda təşkil ediləcək seminarlarda isə ümumilikdə ən azı 250 nəfərin iştirakı nəzərdə tutulur.
Belə seminarların təşkili zərurətinə də toxunan CASCFEN sədri Azər Həsrət bildirib ki, Azərbaycanın təhsil sistemində yeni texnologiyaların tətbiqi günü-gündən sürətlənir, müəllim və şagirdlər bu texnologiyalardan daha geniş istifadə edir. “Bu isə yeni münasibətlər sistemini zəruri edir. Amma təəssüf ki, bəzən insanlarımız bilməyərəkdən onlayn davranış qaydalarını pozur, arzuolunmaz durumlara düşürlər. İfadə azadlığından sui-istifadə halları da müşahidə edilir. Biz bu seminarlarımızda belə durumlara düşməməyin yolları haqqında danışacağıq”, – deyə o, bildirib.