“Qadın ölümlərinə son!”-AKSİYA

“Qadın ölümlərinə son!”-AKSİYA backend

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Qəbələnin Kürd kəndində xüsusi amansızlıqla öldürülən 3 uşaq anası,1991-ci il təvəllüdlü Səbinə Məzahir qızı Verdiyevanın qətlə yetirilməsinə etiraz aksiyası keçirir.

Bu haqda Gununsesi.info-ya məlumat verən M.Zeynalova bildirib ki, aksiyanın keçirilməsində məqsəd cəmiyyətin diqqətini qadına qarşı zorakılıq və amansız qətillərin dayandırılmasına dəstək vermələrinə yönəltməkdir.

“İlk təklifim budur ki, oktyabrın 31-də saat 12.00-da hər kəs öz səhifəsində #qadin##olumlerine##son# yazaraq paylaşsın! Bunu edərkən sizə dəstək verə biləcək ən azı 5 nəfər dostunuzu da bu aksiyaya dəvət edin. Mümkün dərəcədə Milli Məclisdə və digər dövlət qullugunda çalışan dostlarinizı da tag edin! Hər kəsdən xahiş edirəm, hamımız bunu eyni vaxtda saat 12.00- da edek”- deyə, o, bildirib.

Qeyd edək ki, oktyabrın 30-da Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızı xüsusi amansızlıqla qətlə yetirilib. S. Verdiyevanın atası Məzahir Cabbarov bildirib ki, qızı xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib. Bunu S. Verdiyevanın bədənindəki kəsilmiş-deşilmiş yaralar da sübut edir. M. Cabbarov iddia edir ki, qızını tək kürəkəni Xəyal Verdiyev deyil, oğlanın atası Xaliq Verdiyev və anası Dürdanə Verdiyeva birgə qətlə yetiriblər: “Son bir il ərzində qızım həyat yoldaşı, qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi işgəncələrə məruz qalıb. Onu evə gətirsək də, həyat yoldaşı ilə bir-birlərini sevərək ailə qurmuşdular deyə, qızım ailəsinin dağılmasını istəmirdi. Biz də valideynləri olaraq həm 3 uşaq anası olduğu, həm də hamilə olduğu üçün qızımızın qayıtmasına razılıq vermişik. Biz də ailəsinin dağılmasını istəmirdik. Sonuncu dəfə isə kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanət verməsi ilə qızımızın əri evinə qayıtmasına razılaşdıq”.

M.Cabbarov qeyd edib ki, qızının həyat yoldaşının atası X. Verdiyev və anası D. Verdiyeva gənc ailənin dağılmasını istədiklərini heç vaxt gizlətməyiblər: “Bir həftə əvvəl Xaliq Verdiyev küçədə qarşımı kəsdi, dedi ki, Səbinə yenidən əri evinə qayıtsa, onu öldürəcəklər. Ancaq biz sonuncu dəfə də 3 uşaq anasını, hamilə olduğunu və həyat yoldaşı ilə bir-biriniə sevdiyi, həm də kənd icra nümayəndəsinin zəmanət verməsi səbəbindən onun geri qayıtmasına razılıq verdik. Ancaq onlar ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər. Tək Xəyal deyil, atası Xaliq və anası Dürdanə də həbs edilməlidir”.

M.Cabbarov onu da nəzərə çatdırıb ki, bu ilin mart ayında amansızlıqla döyülmüş, burnu qırılmış qızının həmin vəziyyətdə çəkilmiş fotoşəkilini polisə təqdim edib, tədbir görülməsini istəyiblər: “Ancaq polis hər hansı tədbir görmədi”.

M.Cabbarov bildirib ki, qızı sakit, ailəcanlı olub və kənddə də hər kəs bunu təsdiq edə bilər: “Ancaq qaynatası və qaynanası onun ailəsinin dağılmasını istəyirdilər”.

Günunsesi.info