Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün oktyabrın 28-də Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq verilib və onların sualları cavablandırılıb.On beş dövləti təmsil edən iyirmidən çox hərbi attaşelik aparatlarının nümayəndələri hərbi hissənin məşğələ otaqları, yataqxana binaları, əsgər yeməkxanası, təlim nöqtələri və obyektləri ilə tanış olublar. Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.
Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkdirilib.