20 yaşın mübarək “Şərq”!

20 yaşın mübarək “Şərq”! backend

Dünən "Şərq" qəzetinə təbrikə getmişdik. 20 YAŞI olur "Şərq"in. Bu qəzetə sevgim sonsuzdur. Çünki "Şərq"in 6 aylığından orda olmuşam. Gözümüzün qarşısında saf əqidəylə addım-addım böyüdü "Şərq". Biz ona öz sevgimizi verə-verə böyütdük övladımız kimi. İndi biz onun övladlarıyıq. Çünki "Şərq"in şinelindən çıxan çoxlu sayda jurnalistlər bu gün medianın öndə gedən ciddi qoluna ya rəhbərlik edir ya da orada çalışırlar. Mənimçün “Şərq”də işləmək bir şərəf idi. 15 ildir o kollektivdən ayrılsam da ən isti ocaq, ən doğma kollektiv mənimçün məhz “Şərq”dir.

Biz hamımız “Şərq”ə ata ocağı kimi baxırdıq. Orada elə bir səmimi, peşəkar qələmi olan kollektiv var idi ki, onları bir arada toplamaqla yalnız bunu görmək mümkündür. “Şərq”lə bağlı xatirələrimiz bitməz-tükənməz. Orada heç kimdə paxıllıq, arxaca danışmaq, ayaq altı qazımaq, kiməsə yuxarıdan aşağı baxmaq kimi hallar yox idi. Getdiyimiz müsahibələrdə, reportajlarda hamımızın başına maraqlı və gülməli əhvalatlar gəlirdi. Gəlib danışırdıq, bölüşürdük, deyib-gülürdük. Yazılara görə ən çox hədə-qorxu məktubları alan da, redaksiyaya edilən hücumlar da çox vaxt mənim yazılarımla bağlı olurdu. Amma çox maraqlıydı ki, hamı bir-birinə sıx dəstək idi.

Bütün bunlar rəhbərliklə birbaşa bağlıdır. Çünki, rəhbərlik işçilərin qayğısına qalırdı, fərdi söhbətlərdə hamının dərd-səriylə, problemiylə maraqlanırdı. Akif Aşırlının ata qayğıkeşliyini daim üzərimizdə hiss edirdik. “Şərq”in günorta naharını “Azərbaycan” nəşriyyatının məşhur baş mühasibi Fazilə xanım hazırlayıb hamını süfrə arxasına dəvət edirdi. Akif Aşırlı həmişə kollektivlə bərabər nahar edirdi. Bu gün də o ənənə davam edir. Baxmayaraq ki, bu gün mən QAZİLER.AZ saytında və “Millətçilik” qəzetlərində baş redaktor müaviniyəm, dünən “Şərq”də deyiləndə ki, gəl hər gün naharı yenə bizimlə birlikdə eləyək, ləzzət elədi mənə o səmimiyyət. Düzdür, mən günorta nahar etmirəm, amma o qədər sevindim ki. Ata ocağımızdan başqa nə gözləməli idik ki...

Yusif Nəzərli, Rey Kərimoğlu, Vəfa, Təranə, Məlahət, Sərkərdə Sərxanoğlu, Zülfüqar Xeyirxəbər, Ramil Hüseyn, Tünzalə, Sevinc, Leyla, Mətanət, Şükür, Afiq, Aqşin, Kəklik, Rasim, Şəfi və adları yadıma düşməyən digər iş yoldaşlarıyla (məndən inciməsinlər lütfən) 15 il öncə bir yerdə idik. Yadımdadır, 30 nəfərlik kollektiv vardı “Şərq”də. İndi “Şərq”çilər ölkə mətbuatına səpələniblər. Bizdən sonra da “Şərq”ə gələnlər oldu, gedənlər oldu.

Amma dünən bir daha başa düşdüm ki, “Şərq”i tərk etsək də, elə “Şərq”çi kimi tərk etmişik. Daxilən “Şərq”çiyik və “Şərq” də elə bizim qəzetimizdir.

Kollektivi bu cür demokratik idarə etmək, hamının qayğısına qalmaq, insanları bir-birinə doğmalaşdırmaq və qəlblərdə yer salmaq hər rəhbərə qismət olmur. Amma “Şərq”in rəhbərliyi buna yüksək səviyyədə nail oldu. Akif Aşırlını və qəzetin yükünü 20 il çiynində daşıyan Yusif Nəzərlini ürəkdən təbrik edirəm.

20 yaşın mübarək “Şərq”!
Diaspora