Ən böyük mükafatımızı - Fəxri Diplomu onlardan aldıq
Qarabağ qaziləri dünən «Şərq»in qonağı idi. Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, birliyin İdarə Heyətinin üzvləri Qarabağ döyüşçüsü Asəf Əliyev, «Qazilər.az» saytının baş redaktoru, jurnalist Rey Kərimoğlu və sabiq «Şərq»çi, hazırda «qazilər.az» saytının əməkdaşı Sevda Əsgərova «Şərq»in 20 yaşını təbrik etməyə gəlmişdilər. Çay süfrəsi arxasında, xatirələr işığında ötənlərdən, keçilən yollardan danışıldı. Hamının deməyə sözü, danışası bir xatirəsi vardı…E.Əsədov «Şərq»in milli mətbuat tariximizdəki yerini vurğuladı:
«Şərq» həmişə bizim də qəzetimiz olub. 90-cı illərin sonunda ölkədə bir-iki oxunan qəzet vardısa, biri də «Şərq» idi. Qarabağ qazilərinin o zaman Dərnəgüldə yerləşən qərargahına hər səhər qəzetlər gətirirdilər. «Şərq» də mütləq o qəzetlərin arasında olurdu, mən də birinci bu qəzeti əlimə alırdım. Qarabağ müharibəsi əlillərinin problemlərini işıqlandırırdınız, Qarabağ barədə yazırdınız. Biz Qarabağ qaziləri «Şərq»in dəstəyini həmişə hiss etmişik».
E.Əsədov Qarabağ Qaziləri İctimai Birliyi adından Fəxri Diplomu baş redaktor Akif Aşırlıya təqdim etdi: «Müstəqillik dövründə milli mətbuatımızın formalaşmasında «Şərq»in rolu danılmazdır. Obyektiv olmusunuz, həqiqətin yanında dayanmısınız, şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə diqqət göstərmisiniz. Çətinliklər görmüsünüz, amma yenə də bu qəzeti yaşatmısınız. Bu gün də «Şərq»i oxuyuruq. Düzdür, internet mətbuatı üstələyir, bu saat hamı sosial şəbəkələrdədi. Amma qəzetdə elə yazılar olur ki, internet heç vaxt onu əvəz edə bilməz. Akif bəy, sizin cümhuriyyət dövrü, Qafqaz-İslam Ordusu, Nuru Paşa, Nargin əsirləri ilə bağlı araşdırmalarınız çox maraqlı və lazımlıdır. Tariximiz üçün bu, lazımdı. İctimaiyyət də tarixi gerçəkləri bilməlidir, məlumatlanmalıdır. «Şərq»i bir daha təbrik edirik, bundan sonra da uzun illər fəaliyyət göstərəsiniz. Kollektivə çətin peşələrində uğurlar arzulayıram».

«Şərq»ə qəzetinin baş redaktoru Akif Aşırlı Qarabağ qazilərinə ziyarətləri üçün təşəkkür etdi: «Sizi redaksiyamızda görmək çox xoşdur. Çox şad olduq. Bu qəzet sizlərə həmişə haq etdiyiniz dəyəri verib. «Şərq» bütün Azərbaycanın, o cümlədən də Qarabağın – Qarabağ döyüşçülərinin qəzetidir. Sizlər bizim üçün çox dəyərlisiniz. Torpaq uğrunda, Vətənimizin bütövlüyü uğrunda canınızdan keçmisiniz. Allah bütün şəhidlərimizə Rəhmət eləsin, qazilərimizi isə müzəffər etsin. Gün olsun, biz də Qarabağımızın işğaldan azad olunduğu xəbərini «Şərq»in səhifələrində yazaq. Oxucularımıza qəbələ xəbərləri çatdıraq. Şuşadan, Xankəndidən reportajlar verək, müxbirlərimizi Dağlıq Qarabağa göndərək. Bilin ki, bu qəzet sizlərlə bir sırada döyüşə getməyə hazırdır…»

www.sherg.az