Gəncə Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gənc Alimlərin I Beynəlxalq Elmi Konfrası keçirilmişdir. Xarici dövlətlərin ali məktəblərinin, elmi müəssisələrinin, həmçinin respublikamızın gənc alimlərinin iştirak etdiyi konfrans Azərbaycan Dövlət Himni ilə başlayıb. Bu barədə QAZİLER.AZ-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi Yaqub Məmmədov məlumat verib.
Universitetin elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə konfransı giriş sözü ilə açaraq ilk öncə iştirakçılara Nizami Gəncəvi yurdu olan ulu Gəncənin son beş ildə inanılmaz inkişafından, aparılmış abadlıq işlərindən, arxitektura baxımından gözəlləşməsindən, dünyada böyüklüyü ilə seçilən Heydər Əliyev və neçə-neçə digər parkların, istirahət zonalarının salınmasından məlumat verib. “Gəncə həqiqətən əsl gözəllik diyarına çevrilmişdir. Gəncə öz gənclərinin fəallığına, fəailyyətlərinin həyata keçirilməsinə, onların yüksək məlumatlılıq və inkişaf səviyyəsinə görə Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa Gənclər Forumunun ümumi yığıncağında 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı müsabiqəsinin qalibi elan olunmuşdur.

Gəncə Dövlət Universiteti də hərtərəfli inkişaf edən Gəncəmizdən heç də geri qalmır. Universitetin tədris binaları əsaslı təmir edilmiş, maddi texniki bazası daha da zənginləşdirilmiş, laboratoriyalar müasir tələblər səviyyəsinə çatdırılmış, tədrisin keyfiyyəti yüksəldilmiş, Avropa ölkələrinin ali təhsil müəssisələri ilə beynəlxalq əlaqələr daha da inkişaf etdirilmişdir. Universitetimiz Avropa İttifaqının təklif etdiyi “Erasmus+” və “Horizon-2020” proqramlarına aktiv şəkildə qoşulması, tələbə və müəllimlərimizin hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirir. Artıq Yuxarı Elzas (Fransa Respublikası), Varşava (Polşa Respublikası), Tətbiqi Elmlər üzrə Kauno Kolegiya (Litva Respublikası), Dunaujvaros (Macarıstan Respublikası), Vitrina (Albaniya Respublikası), Vitebsk Dövlət (Belorusiya Respublikası), Poltava Dövlət Ticarət və İqtisadiyyat (Ukrayna Respublikası), İvan Franka adına Droqobıç Dövlət Pedaqoji (Ukrayna Respublikası), Tbilisi Dövlət, Akaki Tseretli adına Dövlət (Gürcüsan Respublikası) universitetləri ilə ciddi əməkdaşlığımız var. Hazırda Türkiyə Cümhuriyyətinin 20-yə yaxın ali təhsil ocaqları ilə tələbə, müəllim mübadiləsi edilir”, - deyə o bildirib.

Konfransda Gəncənin inkişafı, Gəncənin Avropanın Gənclər Paytaxtı olması və Universitetin uğurları ilə bağlı video çarxlar nümayiş etdirilib.

Gəncə Dövlət Universitetinin Azərbaycan kafedrasının dosenti, YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə iştirakçılara gənclərin təhsillə bərabər Universitetin ictimai həyatında göstərdikləri fəallıqdan, idman sahəsində qazandıqları uğurlardan, elmi-tədqiqat sahəsində fəaliyyətlərindən bəhs edib. Onu da qeyd edib ki, həqiqətən universitetdə gənclərin mükəmməl təhsil almaları, elmi-tədqiqat işləri ilə məşğul olmaları, sağlamlıqlarını qorumaları, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Artıq hər il beynəlxalq konfrans keçirmək uiversitetdə ənənəyə çevrilib. Belə konfranslar həm də qardaş ölkələrdə təhsil alan gənclər arasında dostluğun, birgə elmi əməkdaşlığın formalaşmasına imkan verir. Bu addımlar xalqları bir-birinə yaxınlaşdırır, mədəni, elmi tərəqqinin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Qonaqlardan Telavi Dövlət Universitetinin aparıcı elmi işçisi Georqi Bejitaşvili, AMEA-nın Arxeologiya İnstitunun aparıcı elmi işçisi Müzəffər Hüseynov, Milli Tarix Muzeyinin aparıcı elmi işçisi Fərhad Cabbarov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin aparıcı elmi işçisi Təbəssüm Muxtarov çıxış edərək öz təəssüratlarını bölüşübər. Georgi Bejtaşvili bildiribki, o, 2005-ci ildə Gəncədə olub. “Məni qınamayın, mən Gəncəni tanımadım. Gəncə elə bil başdan-başa muzeydir. Nə qədər böyük işlər görülüb. Mən bunu fəxrlə deyirəm. Biz bu diqqətəlayiq tədbirdən xoş təəssüratlarla qayıdacağıq”.

Fərhad Cabbarov da Georginin sözləri ilə razılaşaraq onu əlavə edib ki, indiyədək bir çox ölkələrin beynəlxalq konfranslarında olsa da Azərbaycanın mərkəzdən uzaq guşəsində yerləşən Gəncə Dövlət Universitetinin təşkil etdiyi beynəlxalq konfrans tamamilə fərqlidir. O, heç yerdə belə konfransın təşkilinə rast gəlmədiyini deyərək heyranlığını dilə gətirib. “Sizdəki təşkilatçılıq, mehribanlıq, elmə bu dərəcədə həvəskarlıq təqdirəlayiqdir. Siz ayrı-ayrı ölkələrin alimlərini bir yerə toplayıb əsl qardaşlıq nümunəsi göstərirsiniz. Həm insanlıqda, həm elmi əməkdaşlıqda”.
Konfransda xarici dövlətlərin ali məktəblərinin, elmi müəssisələrinin, həmçinin respublikamızın elm və təhsil müəsələrindən olan gənc alimləri, o cümlədən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, t.f.d. Müzəffər Hüseynov və dissertant, elmi işçi Yaqub Məmmədov iştirak etmişdir. M. Hüseynov "Göl yeri qədim yaşayış yerində arxeoloji qazıntılar", Y. Məmmədov "Homo heidelbergensis növünün meydana gəlməsi, inkişafi və yayilmasi sistemində Cənubi Qafqazin yeri" adlı məqalə tezislə çıxış etdiblər. Konfransın materialları çap olunub.
Çıxışlardan sonra iqtisadiyyat, siyasi elmlər, tarix, dəqiq və təbiət elmləri, filologiya və tərcümə sahələrini əhatə edəcək konfrans ayrı-ayrı bölmələrdə öz işini davam etdirib.
QAZİLER.AZ