Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2014-cü il I Hesabat-seçki Konfransı keçirilib.
Şuranın sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famin Salmanov hesabatı təqdim edib.F.Salmanov bildirib ki, Şuranın AMEA-ya bağlı 42 təşkilatda yerli eyniadlı şuraları və ümumilikdə 3000-ə yaxın üzvü var: “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi dövlət başçısı İlham Əliyevin müasir gəncliyə və gənc alimlərə diqqətinin parlaq nümunəsidir”.
Təşkilat rəhbəri, gənc alimlərin idmana marağını artırmaq, asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək məqsədilə Şura tərəfindən “AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası I Futbol Çempionatı” təşkil olunduğunu da vurğulayıb.
Sonra bir neçə gənc alim hesabatla bağlı çıxış edib.
Gənclər və idman naziri Azad Rəhimov GAMŞ-ın yaradılmasını mühüm hadisə adlandırıb. Gənclər sahəsində əldə edilmiş uğurlar barədə məlumat verən A. Rəhimov bildirib ki, Azərbaycanın bölgədə elm mərkəzinə çevrilməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında gənc alimlərin yaş məsələsinə toxunub: “Yaxşı olardı ki, gənc alimlərin yaş həddi 29-dan 35-ə qaldırılsın. Gənc alimlərin yaş həddinin 29 olması bir sıra problemlər yaradır. Ümid edirik ki, bu məsələ yenidən müzakirə olunun müsbət həllini tapacaq”.
AMEA prezidenti, akademik Akif Əlizadə isə GAMŞ-ın hesabatını aparılmış işlərin səmərəli nəticəsi kimi qiymətləndirib: “Şuranın fəaliyyəti müsbət qarşılanmalıdır. Gənc nəslin elmə gəlməyi, elmdə düzgün yol seçməsi Elmlər Akademiyasını Rəyasət Heyətinin başlıca siyasətidir.
Gəncliyin intellektual səviyyəsinin artması respublika üçün mühüm amildir. İki il ərzində Elmlər Akademiyası mühüm islahatlara başlayıb, o islahatlar indi də aparılır. İslahatlar nəticəsində gənclərin şəraiti yaxşılaşıb. Elmin İnkişafı Fondu vasitəsilə Elmlər Akademiyasına xeyli müasir avadanlıq və cihazlar alınıb. Ancaq milyonlar xərclənmiş həmin avadanlıq və cihazlardan səmərəli istifadə bu gün problem olaraq qalmaqdadır. Biz informasiya texnologiyaları sahəsində, habelə Kosmik-Tədqiqatlar İnstitutunu təkmilləşdirmək istəyirik.
Biz istəyirik ki, gənclərimiz savadlı olsun, elmimiz inkişaf etsin. Başqa ölkələrdə yaradılan elmi dəyərlərdən istifadə edirik. Azərbaycanda güclü elmi potensial var, gələcəkdə gənclərin hesabına bu potensial daha da güclənəcək”.
Sonda GAMŞ-a açıq səsvermə yolu ilə yeni üzvlər seçilib.