Cari ilin ilk rübündə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 40 faiz azalıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən iş yerlərində əməyin mühafizəsinin qanunvericiliyə uyğun təşkilinə dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə davamlı olaraq aparılan təbliğat-məlumatlandırma işləri istehsalatda baş verən bədbəxt hadisələrin sayının getdikcə azalması ilə müşahidə olunur.
ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, xidmət tərəfindən cari ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb. Bu, ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır.Bu hadisələr nəticəsində həlak olanların sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49 faiz azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb.
Baş vermiş istehsalat qəzaları ilə əlaqədar DƏMX tərəfindən qanunvericiliyə uyğun qaydada təhqiqat işləri aparılaraq, konkret tədbirlər görülüb.