Alim olmaq istəyən gənclərlə bağlı yeni proqram hazırlanacaq

Alim olmaq istəyən gənclərlə bağlı yeni proqram hazırlanacaq backend

Azərbaycanda professor-pedaqoji müəllim heyətinin tərkibində gənclərin sayının artırılması məqsədilə xüsusi proqramın hazırlanması planlaşdırılır.

Bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XIX Respublika Elmi Konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu sahədə orta və uzunmüddətli prioritetlər müəyyənləşdirilməlidir: "Təhsil Nazirliyi öz resursları ilə bu təşəbbüsü dəstəkləməlidir. Özəl ali məktəblər də bu təşəbbüsə könüllü qoşula bilərlər".

M.Cabbarov qeyd edib ki, bu gün dövlət ali təhsil müəssisələrində yaşı 30-dək olan elmlər doktoru yoxdur. Yaşı 61-dən yüksək olan elmlər doktorlarının sayı isə 64 faiz təşkil edir. Dövlət ali məktəblərində yaşı 30-dək olan fəlsəfə doktorlarının say göstəricisi 0,7 faiz, yaşı 61-dən yuxarı olan fəlsəfə doktorlarının sayı isə 38 faizdir.

Azərbaycanda professor-pedaqoji müəllim heyətinin tərkibində gənclərin sayının az olmasının səbəblərini bir neçə amillə izah edən nazir bildirib ki, son on illiklərdə bir sosial-iqtisadi quruluşdan digər sosial iqtisadi quruluşa keçmə də bu prosesə təsir göstərib.

M.Cabbarov hesab edir ki, bu gün gənclərin elmə marağının artırılmasından ötrü dövlət dəstək mexanizminin olmasına baxmayaraq, yeni mexanizmlərin tətbiqi lazımdır. Bu mexanizm gənclərimizin elmə cəlbini təmin etməli və dəstəkləməlidir: " Getdikcə qloballaşan dövrdə elmi və elmi tutumlu fəaliyyət növlərinin rolu getdikcə artır: "Düşünürəm ki, bu proses getdikcə sürətlənəcək. Biz yeni çağırışlara hazırıq, amma görülməli işlərimiz də çoxdur".
Diaspora