Elşən Quliyev: “Şəhidin bir damla qanı, bir dövlətin büdcəsindən daha dəyərlidir”

Elşən Quliyev: “Şəhidin bir damla qanı, bir dövlətin büdcəsindən daha dəyərlidir” backend

Əgər vətən və vətəndaşlıq anlamı hər kəs üçün keçərlidirsə, o zaman millət vəkili kimi Hadı Rəcəbliyə daşıdığı görəvdən dolayı əmək haqqı qismində hər hansı ödəniş edilməməlidir.

Qarabağ savaşında şəhid və qazi olanlar hələ də layiq olduqlarının dəyərini almaq üçün sözün əsl mənasında mücadilə aparırlar. Təsadüfi deyil ki, şəhid ailəsinin məruz qaldığı bu ədalətsizlik, hətta hakmiyyət yönlü millət vəkillərinin də Milli Məclisin iclaslarında müzakirə mövzusu olur. Nəzərə alsaq ki, hökumətin bir şəhidin ailəsinə verilməsi üçün nəzərdə tutduğu məbləğ kifayət qədər az, hətta simvolikdir, o halda bu istiqamətdə səslənən təkliflər nəinki bəzi millət vəkilləri tərəfindən etirazla qarşılanmamalı, əksinə... Lakin ilərdir ki, bu kürsüdə oturub, öncə müəllimi aşağılayan çıxışları, indi isə “büdcəmizdəki vəsait şəhid ailələrinə 100 min manat təzminat verməyə imkan vermir” – sözləri ilə gündəmə gələn Hadı Rəcəblinin və bu zehniyyətin daşıyıcılarının etirazları başa düşülən deyil. Əvvəla şəhidin bir damla qanı, bir dövlətin büdcəsindən daha dəyərli, daha qiymətlidir. İkincisi əgər vətən və vətəndaşlıq anlamı hər kəs üçün keçərlidirsə, o zaman millət vəkili kimi Hadı Rəcəbliyə daşıdığı görəvdən dolayı əmək haqqı qismində hər hansı ödəniş edilməməlidir. Zatən millət vəkili kimi fəaliyyəti dövründə absurd təkliflər istisna, nəinki tarixə yazılacaq, hətta yadda qalacaq, insanlığa xidmət edəsi bir təklifi belə olmayıb. Amma şəhid nəinki tarixdə qalır, öz qanı ilə tarix yazır. Hadı Rəcəblinin təklifləri isə daim ironiya yaradıb. O halda bəs Hadı Rəcəbliyə nədən millət vəkillərinə verilən əmək haqqı qismində ödənişlər verilir? Axı insanlarda öz çıxışları ilə gülüş yaradanların aldıqları əmək haqqı, Hadı Rəcəblinin aldığından bir neçə dəfə azdır.

Müxtəlif ölkələrdə, məsələn qonşu İran və Türkiyədə Şəhid ailələri ilə bağlı Qanun var. Həmin qanunda şəhid ailələrinin bir üzvü dövlət qulluğuna qəbul edilir. Eləcə də şəhid və müharibə qazilərinin ailələrinə dövlət hər cür təminat verir. Əgər bir insan özünü bu dövlətin yolunda qurban veribsə, dövlət mütləq həmin adamın yerini tutmalıdır və bir kişi öz ailəsinə hansı qulluğu göstərməlidirsə, hansı vəzifələri icra etməlidirsə, dövlət də həmin vəzifələri öz üzərinə götürməlidir. Hesab edirəm ki, Türkiyə və İran modelinə uyğun olaraq şəhid və qazi ailələrinin bir nümayəndəsi mütləq dövlət qulluğuna qəbul edilməlidir. Çünki həmin adam işləyib şəhidin ailəsinə baxmalıdır. Eyni zamanda mənzil təminatı və digər sosial təminat məsələlərində də şəhid və qazi ailələrinə ciddi şəkildə, davamlı olaraq dövlət diqqət ayırmalıdır. Heç kimə sirr deyil ki, vətən və xalq üçün hər hansı xidməti olmayan, hətta müxtəlif vasitələrlə əsgəri xidmətdən belə yayınan, amma məxsusi bolluq içərisində, villalarda yaşayan, gecə barlarında həyat keçirən millətin tüfeyli bir təbəqəsi də formalaşıb. Digər tərəfdən isə hər gün çörəyinə möhtac, min bir çətinliklə böyüdülmüş uşaqlar var ki, onlar da şəhidlik yolu seçir və dövlətini qoruyurlar. Bu mənəvi ədalətsizlik, qeyri-bərabərlikdir. Dövlətin vəzifəsi bu məsələni imkanları daxilində bərabərləşdirməkdir. Şəhid ailələri, qazilər və vətən uğrunda döyüşənlər milli kimliyi olanlardır. Dövlətin borcu isə
bu qisim insanları milli sərvət olaraq qorumaqdır.

Elşən Quliyev
Ümid Partiyası Müharibə Veteranları, Əlil və
Şəhid Ailələri ilə iş şöbəsinin müdiri
xeberdar.net