Birinci Avropa Oyunları zamanı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) könüllülər tələb olunur.
Bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.Onun sözlərinə görə, könüllülərin işi metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçi olmaqdan ibarət olacaq: “Birinci Avropa Oyunları zamanı sərnişinlərin sıxlığının müşahidə edildiyi və oyunların keçirildiyi arenalara yaxın yerləşən stansiyalarda sərnişin axınını nizamlamaq, eyni zamanda həm yerli, həm xarici turistlərə lazımi informasiyaların verilməsində kömək etmək istəyən könüllülər axtarırıq”.
N.Paşayev qeyd edib ki, könüllülər ingilis dilində sərbəst danışmağı bacarmalı, həmçinin Azərbaycanın tarixi haqqında məlumatlı olmalıdır. Digər xarici dilləri bilmək təqdirəlayiq hesab edilir.
İş rejimi, iyunun 12-dən 28-i tarixinədək olmaqla hər gün 6-7 saat təşkil edəcək. Metroda könüllü olmaq istəyənlər qoşmadakı anketi doldurub, aprelin 27-ə kimi [email protected] elektron ünvanına göndərə bilərlər.