Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr Silahlı Qüvvələrdə də uğurla həyata keçirilir. Bu barədə QAZİLER.AZ Müdafiə Nazitliyinin saytına istinadla xəbər verir.
Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yubileylə əlaqədar silsilə tədbirlər davam edir və bu tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil respublikamızın son 25 il ərzində suveren dövlət çərçivəsində əldə etdiyi uğur və nailiyyətlər geniş təbliğ olunur.Müdafiə Nazirliyi və Beyləqan rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Vətənə, dövlətə canımız fəda!" devizi altında keçirilən hərbi vətənpərvərlik mərasimində Füzuli, Ağcabədi, Xocavənd və Beyləqan rayonları ərazisindəki hərbi hissələrin əsgər və zabitləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri və rayon icra hakimiyyətinin rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Beyləqan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əməkdar İncəsənət Xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanmış ədəbi-musiqili-xoreoqrafik kompozisiya tamaşaçılarda böyük maraq oyadıb.
Aparıcılar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına gedən yolların hələ 1970-ci illərdə ölkəmizə rəhbərlik etmiş dünyaşöhrətli liderimiz Heydər Əliyevlə başlandığını və bu istiqamətdə uzaqgörənliklə mühüm addımlar atıldığını qeyd ediblər.
Müstəqilliyin qazanılmasından daha çox onun qorunması, əbədi, dönməz və sarsılmaz olması naminə mübarizə aparmağın daha çətin və şərəfli olduğu vurğulanıb.
Dövlət müstəqilliyimizin və milli təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimizin yaranması, formalaşması və Qafqazda ən güclü orduya çevrilməsi barədə ətraflı məlumat verilib. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin və müdrik, qətiyyətli sərkərdəmiz cənab İlham Əliyevin mütəşəkkil, qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır və qadir olan ordunun yaranmasında müstəsna xidmətləri xüsusi olaraq nəzərə çatdırılıb.
Uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşadan aprel döyüşlərinin qəhrəmanları xatırlanıb. Bu döyüşlərin dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini bir daha nümayiş etdirdiyi bildirilib.
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivi və hərbi birliyin birləşmiş özfəaliyyət kollektivlərinin ifa etdikləri hərbi marşlar, şeirlər, vətənpərvərlik mahnı və rəqsləri tamaşaçılarda xoş duyğular oyadaraq, onları Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəyə ruhlandırıb.
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, general-mayor Mais Bərxudarov, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov tədbir iştirakçılarını əlamətdar, tarixi gün münasibətilə təbrik edib, Azərbaycanın Dövlət bayrağının etibarlı əldə olduğunu və dövlət müstəqilliyimizin bundan sonra da inamla qorunacağına əminliklərini bildiriblər.
"Vətənə, dövlətə canımız fəda!" devizi altında keçirilən hərbi vətənpərvərlik mərasimi bütün iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin birlikdə ifa olunması ilə başa çatıb.