Azərbaycan prezidenti İlham Əliyevin Ağstafa rayonuna səfəri başlayıb. BakiPost.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev prezident iə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.
Sonra İ. Əliyev əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.
Burada yaradılan 400 yerlik akt zalı müasir akustika avadanlığı ilə təchiz olunub. Akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Bundan başqa, burada distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik kino zalı, 30 və 70 yerlik konfrans zalları da rayon sakinlərinin ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati otaqları zəruri avadanlıqla təchiz olunub.
***

Prezident İlham Əliyev Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib.
BakiPost.az-ın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib və mərkəzdə yaradılan şəraitlə tanış olub.
Ölkə başçısına məlumat verilib ki, hazırda Ağstafa şəhər Musiqi Mərkəzində 90 müəllim çalışır və 269 şagird təhsil alır. Burada təhsil müddəti 5 və ya 7 ildir. Təhsil ocağında 400 yerlik müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və inventarla təchiz edilib. Ümumi tikinti sahəsi 2400 kvadratmetrə yaxın olan bina mərkəzi isitmə sistemi ilə təchiz olunub, müasir havalandırma qurğuları quraşdırılıb.