HACI ƏBDÜLƏ NEÇƏ ŞALLAQ DÜŞÜR?!

HACI ƏBDÜLƏ NEÇƏ ŞALLAQ DÜŞÜR?! backend

Tövbə cəmiyyətinin sədri günahkar adamları şallaqlayaraq tövbə elətdirir. Amma çox qəribədir ki, özü Qarabağ savaşının qəhrəmanlarından biri, Yaqub Rzayevin (Qatır Məmməd) adından, özü də həyatda olmayan bir insanın adından şər-böhtan danışır. Görən Hacı Əbdül bilirmi ki, Ağdam hardadı, Xocavənd hardadı, Qarağacı hardadı, Qarakənd hardadı?! Yəqin ki, bilməz.

Guya həbsxanada olarkən Yaqub Rzayev ona deyib ki, Tamerlan Qarayev ratsiya ilə deyib ki, bəs Qarakənd tərəfdə bir erməni vertolyotu uçacaq, onu vurarsan, sonra da gedib hamısını darayarsan.

İnsan nə qədər məsuliyyətsiz olar ki, həyatda olmayan adamın adından belə şeylər söyləsin.

Hacı Əbdül! Əvvəla biləsən ki, həmin dövrdə ratsiya çox az idi, bu bir, ikincisi, bizim ratsiyada danışıqlarımıza ermənilər qulaq asırdılar, ermənilərin də danışıqlarına biz.
Yəni ratsiya ilə heç bir əmr verilmirdi, göstəriş verilmirdi. Uzaqbaşı qərargaha çağırardılar.

Üçüncüsü: Onu da biləsən ki, həmin vaxt səngərdə olanlarnan Azərbaycan dilində əlaqə saxlamırdılar. Əsasən cənub bölgəsindən olan uşaqlar ratsiyada çalışırdılar. Əmirlər, göstərişlər talışca verilirdi ki, ermənilər başa düşməsinlər.

Dördüncüsü: Yaqub Rzayevin batalyonu Əsgəranın altında Qarağacı qəbiristanlığında idi. Vertolyot vurulan yerlə oranın arası hava yolu ilə təxminən 25-30 kilometrdi. Yaqub Rzayevin batalyonunda olan əsgərlərin yetmiş faizinin əlində ov tüfəngi idi, bir hissəsinin əlində dədə-babadan qalma beşaçılan, çox bir az hissəsinin isə camaatın özü pulu ilə yığıb ordan-burdan aldığı avtomat. Və bir dənə tank vardı, onu da bir rus zabit idarə edirdi, sonra da şəhid oldu. Yəni ki, həmin dövr Azərbaycanda elə bir silah yox idi ki, 25-30 kilometr yox e, ikicə kilometrlikdən vertolyot vura bilsin. Qumbaraatanlar olardı, onun da məsafəsi 1 kilometr olardı. Onunla da vertolyotu heç Rembo da vura bilməzdi.
Hacı Əbdül! Siz və sizlər Bakıda kreslo davası edəndə Yaqub Rzayev səngərdən çıxmırdı, oğlu Canpolad Rzayev də həmin döyüşlərdə şəhid oldu, səngəri qoyub heç oğlunun yasında da iştirak etmirdi.

Sonra da və sizlər və sizin kimilər onu həbs elədilər, döyüşdən çıxartdılar, ermənilərə Ağdamın bir yolunu açdılar. Həbsxanada da müəmmalı şəkildə, özü də sizin yanınızda öldü. İndi mən də deyə bilərəm ki, həbsxanada onu siz öldürmüsünüz. Xoşunuz gələr?

İki yüz yetmiş yeddinci: Bu boyda dəhşətli bir faciəni özünüzkülərin üstünə yıxmaqla Kür çayını erməni dəyirmanın üstünə niyə yönləndirirsiniz? Bu gün onlar da onu dünya mətbuatına çıxarırlar ki, ay dünya, özləri vurublar, görürsünüz, etiraf edirlər.

Belə getsə Xocalını da öz üstümüzə yıxacaqsınız. Necə ki, bir arada belə bir cəhd oldu. Cəhd edənlər də layiqli cavablarını aldılar.

Hacı Əbdül! Gedin gündə beş rükət namazınızı qılın. Ya da gedin, Xıdırzindəyə nəzir-niyazdan verin, bəlkə tövbəniz qəbul oldu.

Bunu yazanda bir avara girdi içəri ki, müəllim neynirsiniz e Hacı Əbdülə cavab verməyi, deyib-deyib də.

Avarana şükür ALLAH.
Aqil Abbas