Oktyabrın 17-də - Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan televiziyası internet üzərindən yayıma başlayıb.
Qaziler.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək deyib ki, Naxçıvan teleradiosu son illər əsl inkişafa qovuşub, maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, teleradio ən müasir texniki avadanlıqlarla təchiz edilib. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksək keyfiyyətli rəqəmsal yayımla əvəzlənib, Naxçıvan televiziyasının yüksək keyfiyyətli HD formatda yayımına başlanıb. Ötən dövrdə 50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin televiziyaya hamiliyə verilmiş jurnalistika ixtisası üzrə gənclər sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə götürülüblər. Televiziyada əsaslı struktur islahatları aparılıb, “Uşaq, gənclər və idman” və “Səhər verilişləri” redaksiyaları yaradılıb. Bütün bunların nəticəsidir ki, Naxçıvan televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 60 faizini təşkil edir.
Naxçıvan televiziyasının İncəsənət və Musiqi Verilişləri redaksiyasının baş redaktoru Təhminə Babayeva deyib ki, Naxçıvan teleradiosu özünün yeni inkişaf dövrünü yaşayır. Yeni internet saytının yaradılması və onlayn yayımın təşkili də televiziyamızın tarixində əlamətdar hadisədir. Bizim üzərimizə düşən əsas vəzifə keyfiyyətli teleradio verilişləri hazırlamaqdan ibarətdir. Təhminə Babayeva yaradılan şəraitə və yaradıcı gənclərə göstərilən qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, bundan sonra da əzmlə çalışacaqlarına söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü və Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması münasibətilə kollektivi təbrik edərək deyib: Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması dövlət müstəqilliyinin bəhrəsidir. Eyni zamanda bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması deməkdir.
Ali Məclisin Sədri deyib: Naxçıvan teleradiosu 1956-1996-cı illərdə Azərbaycan teleradiosunun kanalı üzərindən gün ərzində 2 saat yayımlanırdı. Ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvanda televiziya yayımında da çətinliklər yaranmışdı. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə informasiya blokadasının aradan qaldırılması sahəsində bir sıra tədbirlər həyata keçirildi, Azərbaycan televiziyasının muxtar respublikada yayımı bərpa edildi. 1996-2016-cı illərdə isə Naxçıvan televiziyası böyük inkişaf yolu keçmiş, teleradio müstəqil kanala keçirilmiş, burada müasir avadanlıqlar quraşdırılmış, efir vaxtı 17 saata çatdırılmış, televiziya böyük tamaşaçı kütləsi toplamışdır.
Ali Məclisin Sədri deyib: Televiziyanın internet üzərindən yayımlanması geniş imkanlar yaradır. Dünyanın istənilən yerində internetlə televiziyanı izləmək mümkündür. Bu da televiziyanın yayımlandığı yerin tanıdılmasına, həmin yerin inkişafı, insanların həyat səviyyəsi, mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların yayılmasına imkan verir. Müasir dövrdə insanlar o yerlərə daha çox səyahət edirlər ki, orada sabitlik, inkişaf və tarixi-mədəni abidələr var. Hər bir televiziya əməkdaşının üzərinə düşən əsas vəzifə də Naxçıvan Muxtar Respublikasındakı inkişafı, sabitliyi, milli dəyərlərimizi və tarixi-mədəni irsimizi təbliğ etməkdən, dünyaya tanıtmaqdan ibarət olmalıdır. Bu gün muxtar respublikanın aid təşkilatları və gənclərimiz Naxçıvanın internet üzərindən tanıdılması sahəsində ardıcıl tədbirlər görür, dostluq əlaqələri yaradılır, muxtar respublika haqqında məqalələr yazılır.
Ali Məclisin Sədri internet üzərindən Naxçıvan Muxtar Respublikasını tanıdan və təbliğ edən gənclərə, hər bir muxtar respublika sakininə təşəkkürünü bildirərək deyib: Naxçıvan televiziyasının yayımladığı hər bir veriliş xarici tamaşaçılarda Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası barədə, insanların həyat səviyyəsi, tariximiz, milli-mədəni irsimiz haqqında fikir yaradacaqdır. Ona görə də hər bir əməkdaş işə məsuliyyətlə yanaşmalı, verilişlər hazırlanarkən mötəbər mənbələrə, xüsusilə muxtar respublikada nəşr olunan kitablara istinad olunmalı, ədəbi dil normaları qorunmalı, hər bir sözdən yerində və məqamında istifadə olunmalı, fikir tamaşaçıya dolğun çatdırılmalıdır. Televiziya məktəb qədər vacib sahədir. Ona görə də televiziyanın qarşısında duran əsas vəzifələrdən biri də muxtar respublikanı tanıtmaqla yanaşı, həm də gənclərə torpağa bağlılıq, vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir. Televiziyada maarifçilik işi bundan sonra da davam etdirilməli, proqram tərtibatında ünvanlılıq gözlənilməli, hər yaş kateqoriyasından olan tamaşaçılar üçün verilişlər hazırlanıb yayımlanmalı, qədim tariximiz, zəngin mədəniyyətimiz və milli dəyərlərimiz geniş təbliğ olunmalıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirib, qədim Azərbaycan torpağı olan Naxçıvanın olduğu kimi tanıdılmasında kollektivə yaradıcılıq uğurları arzulayıb.
Sonra Ali Məclisin Sədri televiziyada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, Naxçıvan televiziyasının internet üzərindən yayımı ilə bağlı kadr hazırlığı, maddi-texniki bazanın möhkəmləndirilməsi və yaradıcılıq məsələləri sahəsində bir sıra tədbirlər həyata keçirilib. Maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə teleradionun sistem otağına ehtiyat siqnalçevirici, arxiv üçün 80 terabaytlıq yeni server alınıb quraşdırılıb, arxivin həcmi 120 terabayta çatdırılıb. Tədbirlərin çəkilişi, montajı və yayımı üçün ən son texnologiyaya əsaslanan 2 rəqəmsal videokamera dəsti, 2 videomontaj dəsti və 1 efirə çıxış avadanlığı alınıb. Bundan başqa kran kamera üçün yaddaş və hərəkət qurğuları, verilişlərə əvvəlcədən baxış üçün mobil elektron lövhə də alınıb, yeni çəkiliş pavilyonları yaradılıb, müasir virtual studiya qurulub, bütün pavilyonlarda yeni səs və işıq sistemləri quraşdırılıb. Həyata keçirilən tədbirlər çərçivəsində 4 videomontaj və 5 səsyazma otağı yaradılıb, yeni qurulan montaj otaqlarında 3 yeni videomontaj dəsti quraşdırılıb. Teleradioda kadr hazırlığı sahəsində də tədbirlər görülüb, kinooperatorlar, rejissorlar və aparıcılar üçün təkmilləşdirmə kursu keçirilib.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Naxçıvan televiziyasının yeni internet saytı barədə məlumat verib. Qeyd olunub ki, Naxçıvan televiziyası üçün www.naxcivantv.az internet saytı hazırlanaraq serverdə yerləşdirilib və internet üzərindən yüksək keyfiyyətli HD yayımı təşkil edilib. Saytda “Haqqımızda”, “Redaksiyalar”, “Proqram”, “Xəbərlər”, “Videoarxiv”, “Anonslar”, “Əlaqə”, “Canlı yayım və Arxiv” bölmələri yaradılıb. Göstərilən bölmələrin hər birinə aidiyyəti üzrə məlumatlar əlavə olunub. Əsas səhifədə yer alan “Anonslar”, “Televernisaj və videoçarxlar”, “Layihələr”, “İctimai-Siyasi”, “Turizm” bölmələrində olan məlumatlar gündəlik yenilənir, rəsmi xəbərlər bölməsində gündəlik rəsmi xəbərlər yerləşdirilir. Birinci səhifədə xəbərlər üç dildə - Azərbaycan, ingilis və rus dillərində başlıqlarla göstərilib. Saytda televiziyanın bir həftəlik proqramı yerləşdirilib və sayğac qoyulub.
İnternet istifadəçiləri “Canlı yayım və Arxiv” bölməsinə keçid etməklə Naxçıvan televiziyasını internet üzərindən birbaşa izləyə biləcəklər. Tamaşaçılar saytın arxivində televiziyanın son 7 gündəki efir materiallarını da izləmək imkanına malikdirlər.
Ali Məclisin Sədrinə son dövrlərdə alınan ən son texnologiya nailiyyətləri olan videoçəkiliş aparatları, böyük tutuma malik yaddaş qurğuları və səsyazma avadanlıqları barədə də məlumat verilib.
Sonra kollektivlə görüşən Ali Məclisin Sədri Naxçıvan televiziyasının müasir maddi-texniki bazaya malik olduğunu bildirib, yaradılan şəraitdən səmərəli istifadə olunması və mütəxəssis hazırlığı barədə tapşırıqlar verib.
Binadakı iş otaqları və qazanxana da təmir olunub, yeni havalandırma xətti çəkilib, qarajlar və giriş qapısı yenidən qurulub, elektron keçid aparatı və təhlükəsizlik kameraları quraşdırılıb.