Qarabağ uğrunda döyüşən və sağlamlığını itirən qazi Mahir Rzayev Sumqayıt qəbiristanlığının yaxınlığında, kanalizasiya gölməçələri ilə əhatə olunmuş vaqonda yaşayır. Bir otaqdan ibarət dəmir vaqon 8 nəfərlik ailənin həm qonaq, həm də yataq otağıdır. Külək və soyuğun qarşısını isə pəncərə əvəzi tutulan parça və odeyal saxlayır. Qarabağ qazisinin acınacaqlı yaşayışı ilə bağlı bir müddət əvvəl mətbuatda yazılsa da, hələ də ailəyə kömək edən olmayıb.
42 yaşlı döyüşçünün virtualaz.org-a bildirdiyinə görə, indiyə kimi kömək üçün döymədiyi qapı qalmayıb. Əvəzində nəinki yardım edilib, hələ ona verilən pay torpağını da əlindən alıblar.“İndiyə kimi hər yerə müraciət etmişəm, teleqram vurmuşam, dəmir vaqonda uşaq böyütməyim, təhsillərinin olmaması, acınacaqlı yaşayışımızla bağlı dəfələrlə müraciət etsəm də, cavab verən, yaxın duran olmayıb. Hələ pay torpağım var idi, vaqonu ora gətirib yaşamaq istəyirdim, onu da Sumqayıt İcra Hakimiyyəti əlimdən aldı. Çox vaxt vəzifəli şəxslərin heç qəbuluna düşmək mümkün olmur. Sumqayıt İcra Hakimiyyəti başçısının birinci müavinin qəbulunda olsam da, mənə cavab verdi ki, “biz belə şeylərə baxmırıq””, - deyə keçmiş döyüşçü bildirib.
M. Rzayevə dövlət tərəfindən edilən kömək ayda 6 uşağa görə aldığı 150 manat puldur. Bu dəmir vaqonda uşaqlarını 6 uşaq böyütdüyünü deyən döyüşçünün sözlərinə görə, elə imkansızlıq ucbatından uşaqları məktəb üzü görməyiblər.
Uşaqların ən kiçiyi 8 yaşındadır. İkinci sinfə getməlidir, amma məktəbə getməyib. Ən böyük övladımın 19 yaşı var. İkinci uşağımın 18 yaşı var. Onu hərbi xidmətə çağırıblar, oktyabrın 21-i əsgər gedəcək. O biri uşaqların da 17, 16, 13 və 9 yaşları var. Uşaqlar bu vaxta qədər imkansızlıqdan məktəb üzü görməyiblər. Yalnız axırıncı iki uşağı məktəbə düzəldə bilmişik, bu həftənin çərşənbə günündən birinci sinfə gedəcəklər”.
Ev o qədər şəraitsizdir ki, uşaqlar da burada xəstəlik tapıblar. Vaqonda o tərəf-bu tərəfə qaçışan siçovullar da bir tərəfdən ailənin gününü qara edib. Dəfələrlə uşaqları dişlədiklərini deyən qazinin sözlərinə görə, bu gün də böyük qızının əl və ayaqlarını gəmiriblər.
M. Rzayev Azərbaycan Veteranlar Birliyinin (AVB) Sumqayıt təşkilatının üzvü olsa da, təşkilatdan da keçmiş döyüşçünün yaşayışı, dolanışığı ilə maraqlanan olmayıb.
“Mən özüm Tərtər, Ağdərə bölgəsində kəşfiyyatçı olmuşam. Təşkilat sədrlərini yaxşı tanıyırıq. Döyüşçülər yaxşı bilir ki, cəmiyyətlərin əksəriyyətinə sədrlik fərarilərə tapşırılıb. Onlar da heç kimə kömək etmirlər. Təşkilata nə pul köçürülür özləri yeyir, heç kimə yardım eləmirlər. Bu vaqonda 10 ildən artıqdır ki sürüyə-sürüyə yaşayıram. Ona qədər də harada gəldi kirayədə qalırdım, fəhləlik edib ailəmi dolandırırdım”.
Virtualaz.org ümid edir ki, Azərbaycanın müvafiq strukturları, imkanlı şəxsləri, aparıcı şirkətləri bu Qarabağ döyüşçüsünün acınacaqlı yaşayışına nəhayət son qoymaq üçün ona yardım edəcəklər. Bu ailəni heç olmasa minimum şəraitə malik bir evlə təchiz etmək, uşaqlarının təhsil almasına yardım göstərmək həll olunmayacaq müşkül məsələ deyil...
Virtualaz.org