“Bağırov körpüsü“ndə şəlalə əmələ gəldi - FOTOLAR

“Bağırov körpüsü“ndə şəlalə əmələ gəldi - FOTOLAR backend

Bu yağış da Bakını iflic etdi az qala. Sosal şəbəkələr, xəbər agentlikləri paytaxtın müxtəlif yerlərindən yağışın törətdiyi fəsadlarla bağlı foto və video matreillar paylaşırlar. QAZİLER.AZ lent.az-a istinadla bildirir ki, şəhər Venetsiyanı xatırladır, amma çox rəzil bir formada. Yağışın durmadan yağması sular çəkiləndən sonra öz fəsadlarını daha açıq şəkildə göstərəcək. Amma bu videoda gördüyünüz kadr isə tamam başqa bir təhlükədən xəbər verir. Bakıda "Bağırov körpüsü"n kimi tanınan bu tunelin divarlarından su şəlalə kimi axır. Və bu sular körpünün laylarını yuyub onu təhlükəli, qəzalı vəziyyətə sala bilər.

Şəhərin mərkəzində, Bakı Baş Polis İdarəsinin qarşısından keçən Yusif Səfərov küçəsinə gələn bütün əlavə yollar bağlanıb. Elə bu səbəbdən də Nizami küçəsindəki tıxacın uzunluğu yüz metrlərlədir. Nizami küçəsi ilə Yusif Səfərov küçəsinin kəsişməsində dayanan polislər hələ bu saatlarda da yolun qarşısını kəsməkdə davam edirlər. Bunun səbəbini öyrənməyə çalışan əməkdaşımıza polisin açıqlaması belə olub:



"Tapşırıq belədir. Əsas yoldakı hərəkatı bərpa etmək üçün kəsişmələrdəki avtomobilləri saxlamaq məcburiyyətindəyik".

Yolları kəsilən avtomobil sürücüləri isə etiraz əlaməti olaraq dayanmadan siqnal verirdi. Hətta bəzi sürücülər maşından düşərək polislərlə mübahisə belə edib. Amma vəziyyət dəyişmədən qalır.

Babək prospektində də səhər saatlarından başlayan tıxac davam edir. Sürücülər avtomobillərini söndürüb yolun nə vaxt açılacağını gözləyirlər.



Əməkdaşımızın verdiyi məlumata görə, şəhərdə piyadaların vəziyyəti daha dözülməzdir. Məlumata görə, ayaq üstə dayanmağa demək olar ki, quru yer tapmaq mümkün deyil. Məktəblərin qarşısı isə daha dözülməz vəziyyətdədir. Avtomobillər məktəblərin qarşısına daxil ola bilmədikləri üçün dərsdən çıxan uşaqlar və valideynləri əməllicə gərginlik yaşayırlar. Məktəblərin qarşısından yağış suları çay kimi axır. Valideynlər övladları islanmasın deyə onları çətinliklə daşıyıb uzaqda saxladıqları avtomobillərə çatdırmağa çalışırdılar.